AzMİU-da cari ilin Fəaliyyət Planına həsr olunan görüş keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi məqsədilə 2024-cü il üçün görüləcək Fəaliyyət Planının icrasına dair görüş keçirilib.
Universitetin rektoru professor Gülçöhrə Məmmədova, prorektorlar, kafedra və şöbə müdirlərinin qatıldığı görüşdə, planın həyata keçirilməsi üçün vacib məsələlər müzakirə olunub.
Elm və İnnovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova çıxışında elmi-tədqiqat işlərinin əhəmiyyətindən bəhs edərək, bu istiqamətdə atılacaq addımlar və akademik səsvermənin vacibliyi haqqında geniş məlumat verib.
Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli universitetin beynəlxalq reytinq sıralamalarında irəliləməsi üçün akademik heyətdən gözləntilərdən danışıb, Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə isə akademik və işəgötürənlərlə keçiriləcək səsvermə prosesinin detalları ətrafında auditoriyanı məlumatlandırıb.
Yekunda Təcrübə və Karyera Mərkəzinin müdiri Xanlar Qəniyev, işəgötürənlərin bu prosesə cəlb edilməsi və Məzun Assosiasiyasının yaradılması mövzularında danışaraq, qarşıdakı mərhələlərdə görüləcək işləri vurğulayıb. Görüş fikir mübadiləsi və müxtəlif təkliflərlə davam etdirilib.