“COP-29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" forumunda aktual mövzular müzakirə olunub


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkil olunan “COP-29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" forumunun birinci günü 3 mövzuda panel müzakirələr aparılıb.

Panel müzakirələr “Müasir şəhərsalmada dayanıqlılıq amilləri”, “Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi” və “Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri” kimi əsas mövzuları əhatə edib.

Birinci panel müzakirənin moderatoru AzMİU Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının professoru Şəhla Qəhrəmanova, çıxışçılar isə AzMİU Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının dosenti Məhəmməd Nurməmmədov, AzMİU Mühit dizaynı kafedrasının müdiri professor Yeganə Hacıyeva, AzMİU Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının assistenti və  doktorantı, Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədr müavini Şeyda Novruzzadə, AzMİU Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının assistenti və  doktorantı Nahidə Zeynalova olub.

Çıxışçılar müasir şəhərsalmada dayanıqlılıq amilləri barədə geniş söhbət aparıb. İnnovativ texnologiyaların şəhərsalma prosesində tətbiqi, dayanıqlı infrastrukturun qurulması və şəhərlərin rəqəmsal transformasiyası ilə bağlı əsas strategiyalardan danışılıb.

“Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi”  mövzusuna həsr olunan ikinci panel görüşün moderatoru AzMİU Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov, çıxışçıları isə BMT İnkişaf Proqramının (UNDP) COP29 üzrə milli koordinatoru Nazim Məmmədov, AMEA-nın müxbir üzvü, Radiasiya problemləri İnstitutunun baş direktoru, AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri professor İslam Mustafayev, Müstəqil ekspert Tahir Cəfərov, BMT İnkişaf Proqramının (UNDP) Azərbaycanda Ekoloji layihələrinin eksperti, “Balaxanı Oil” və “Suraxanı Oil” Əməliyyat Şirkətlərinin COP29 layihələrinin meneceri Çingiz Məmmədov, “Yaşıl tikinti assosiasiyasi”nın sədri Fuad Bağırov olub.  

Onlar enerjidən qeyri-səmərəli istifadənin qlobal iqlim dəyişikliklərinə səbəb olduğunu vurğulayaraq, bu problemin həlli yolları, bərpa olunan enerji mənbələrinin önəmi və enerji səmərəliliyinin artırılması istiqamətində tədbirlərin vacibliyindən danışıblar.

Sonuncu panel müzakirə isə “Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri”nə həsr olunub.

Panel müzakirənin moderatoru AzMİU-nun Ekologiya kafedrasının dosenti Fərhad Əliyev, çıxışçılar isə AzMİU Ekologiya kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev, əməkdar mühəndis Əhməd Məmmədov, əməkdar mühəndis Məmməd Əsədov, AzMİU "Meliorasiya və su təsərrüfatı tikintisi" kafedrasının professoru Yaşar Qəhrəmanlı olub.

Panel müzakirədə çıxışçılar ölkəmizdə su ehtiyatlarının tükənməsi və ekoloji dayanıqlılığın təhdid altına düşməsi məsələlərini müzakirə edərək, davamlı inkişaf və resursların qorunması üçün effektiv idarəetmə strategiyalarının vacibliyini ön plana çəkiblər.

Bildirək ki, hər üç panel müzakirədə COP29-un məqsədlərinə uyğun olaraq, şəhərsalma, enerji istifadəsi və su ehtiyatlarının idarə olunmasında dayanıqlılıq prinsiplərinin vacibliyi nəzərə çatdırılıb, qlobal iqlim dəyişikliklərinə və ekoloji dayanıqlılıq problemlərinə qarşı birgə tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

5 gün davam edəcək forum çərçivəsində AzMİU-da panel müzakirələrlə yanaşı "İkinci həyat – dizaynerlərin gözü ilə" adlı tullantılardan hazırlanmış maketlərin sərgisi də keçirilib. Növbəti günlərdə isə vörkşoplar, təmizlik və ağacəkmə aksiyaları, rəsm müsabiqəsi, fləşmobun keçirilməsi də nəzərdə tutulub.

23-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]