Tələbələrimiz əl işlərində qlobal ekoloji mövzuları əks etdirməyə çalışıb


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "COP-29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" adlı forum çərçivəsində dibçəklər üzərində rəsm işlərinin yer aldığı vörkşop təşkil olunub.

AzMİU TGT CreArt mədəniyyət klubları şəbəkəsinin nəzdində fəaliyyət göstərən Gənc Rəssamlar dərnəyinin üzvlərinin iştirakı ilə həyata keçirilən vörkşopda tələbələr təbiətə olan münasibətlərini rəsm işləri ilə ifadə ediblər. Müxtəlif bitkilərin əkildiyi dibçəklər tələbələrin estetik zövqü və ekoloji mövzulara marağı ilə bəzədilərək göz oxşayıb.

Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər nazirliyinin dəstəyi ilə COP-29 və "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan forum çərçivəsində keçirilən vörkşop tələbələrimizdə böyük maraq yaradıb.

Tələbələr müxtəlif bitki növlərini təmsil edən dibçəkləri fərqli rənglər və naxışlarla bəzəyərək, təbiətə olan məhəbbətlərini və ekoloji şüurun vacibliyini sənət vasitəsilə əks etdiriblər. Hər bir dibçək üzərində yer alan motivlər, həm yerli təbiəti, həm də iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması və su ehtiyatlarının mühafizəsi kimi qlobal ekoloji mövzuları vurğulayıb.

Bu layihənin əsas məqsədi tələbələrə ətraf mühitin qorunmasının vacibliyini daha dərindən dərk etdirmək, onlara ekologiya və dayanıqlı inkişaf mövzusunda yaradıcı yollarla töhfə vermək fürsəti yaratmaq olub. Rəsm əsərləri ilə tələbələr yalnız vizual gözəllik yaratmaqla kifayətlənməyib, həm də ekoloji məsuliyyət mesajlarını geniş ictimaiyyətə çatdırıblar. Layihədə iştirak edən müəllimlər bu yaradıcı fəaliyyətin gənc nəsildə ekoloji şüurun formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıblar.

Bu cür təşəbbüslər COP29-un əsas məqsədləri ilə uyğunlaşaraq, ekoloji problemlərə gənclərin diqqətini cəlb etmək və onları aktiv iştirakçıya çevirmək baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin sonunda tələbələrin rəngləndirdikləri dibçəklər nümayiş etdirildi və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

22-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]