AzMİU-da vörkşop: Tələbələrimiz plastik tullantılardan istifadə etməklə maket hazırlayıb


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər nazirliyinin dəstəyi ilə COP-29 və "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "COP-29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" adlı forum çərçivəsində vörkşop keçirilib.

AzMİU TGT CreArt mədəniyyət klubları şəbəkəsinin üzvlərinin iştirakı, AzMİU-nun Mühit dizaynı kafedrasının müəllimi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dizayneri Əsmər Məmmədovanın rəhbərliyi ilə tələbələr tullantılardan istifadə etməklə maketlər hazırlayıblar.

Vörkşop zamanı tələbələrə plastik tullantıların təkrar istifadəsinin əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Əsmər Məmmədova tərəfindən davamlı və ekoloji cəhətdən faydalı layihələrin necə hazırlanacağı barədə nəzəri və praktiki biliklər verilib. Daha sonra iştirakçılar müxtəlif komandalara bölünərək, plastik tullantılardan maketlər hazırlamaq üçün öz yaradıcılıqlarını işə salıblar.

Vörkşopun əsas məqsədi ekoloji maarifləndirmə ilə yanaşı, yaradıcı təkrar istifadə üsullarını öyrətmək olub. İştirakçılar plastik tullantılardan müxtəlif maketlər hazırlayaraq həm ekologiyaya töhfə verib, həm də dizayn bacarıqlarını inkişaf etdiriblər.

22-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]