"Şəhərlərin yenidən qurulması və irsin qorunması": AzMİU və Vestminster Universiteti arasında ikili diplom proqramı çərçivəsində seminar


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İngiltərənin Vestminster Universiteti arasında imzalanmış ikili diplom proqramı çərçivəsində Memarlıq və Şəhərlər fakültəsinin professoru Giulio Verdini tələbələrə "Şəhərlərin yenidən qurulması və irsin qorunması" mövzusunda mühazirə oxuyub.

Xarici əlaqələr şöbəsinin təşkil etdiyi seminarda Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova çıxış edərək mövzunun qlobal miqyasda aktuallığını vurğulayıb, bu cür seminarların tələbələrə geniş perspektivlər açdığına diqqət çəkib. Professor tələbələrə mühazirədən maksimum faydalanmağı və gələcək memarlıq layihələrində tarixi irsin qorunması məsələsinə xüsusi yanaşmalarını tövsiyə edib.

Seminarda tanınmış beynəlxalq ekspert və Vestminster Universitetinin professoru Giulio Verdini müasir şəhərsalma proseslərində irsin qorunması və şəhərlərin yenidən qurulması üzrə qabaqcıl təcrübələrini paylaşıb. O, tələbələrə bu sahədə ən yaxşı metodların necə tətbiq edildiyini izah edərək, tarixi və mədəni abidələrin şəhərsalma inkişafı ilə harmonik şəkildə uyğunlaşdırılmasının vacibliyini xüsusi vurğulayıb. Giulio Verdini tələbələri urbanizasiya proseslərində tarixi dəyərlərə həssas yanaşmağa çağırıb, bu yanaşmanın şəhərlərin dayanıqlı inkişafı üçün əhəmiyyətini geniş şəkildə şərh edib.

Məlumat üçün bildirək ki, AzMİU ilə Vestminster Universiteti uzun müddətdir əməkdaşlıq edir. Əməkdaşlığın nəticəsi olaraq həyata keçirilən "Memarlıq abidələrinin bərpası və yenidən qurulması" üzrə ikili diplom proqramı tələbələrə həm AzMİU, həm də Vestminster Universitetində təhsil almaq və beynəlxalq səviyyədə tanınan magistr dərəcəsi əldə etmək imkanı yaradır. Bu proqramın məqsədi tələbələrin nəzəri və praktik biliklərini artırmaq, onları qlobal memarlıq və şəhərsalma sahəsindəki inkişaflarla tanış etməkdir.

18-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]