COP29 çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib
21 noyabr 2024-cü il tarixində COP29 çərçivəsində Yaşıl Zonada Bakı Dövlət Universiteti (BDU) və "EkoSfera" Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri, beynəlxalq ekspertlər və müxtəlif təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbirin moderatoru, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova, açılış nitqində BMT-nin 2015-ci ildə müəyyən etdiyi DİM-lərin yoxsulluq, bərabərsizlik, iqlim dəyişikliyi və keyfiyyətli təhsil kimi qlobal problemlərin həlli üçün universal bir çağırış olduğunu qeyd edib. O, universitetlərin təhsil, tədqiqat və əməkdaşlıq yolu ilə bu məqsədlərin inkişafına töhfə verdiyini vurğulayıb.
BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov universitetlərin innovasiya və bilik mərkəzləri kimi fəaliyyət göstərərək DİM-lərin reallaşdırılmasında əsas rol oynadığını bildirib. O vurğulayıb ki, dayanıqlı inkişaf mövzusunda kurslar tələbələrə real problemlərin həlli üçün bilik və bacarıqlar qazandırır.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Fariz Quliyev sərhədlərarası əməkdaşlığın DİM-lərə nail olmaq üçün vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, universitetlər beynəlxalq təcrübəni bölüşməklə və birgə tədqiqatlar vasitəsilə genişmiqyaslı həllər hazırlayırlar.
Fransız-Azərbaycan Universitetinin (UFAZ) İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova çıxışında dayanıqlı inkişaf və iqlim fəaliyyətləri ilə bağlı tədris proqramlarının tələbələrə innovativ həll yolları təqdim etdiyini vurğulayıb. Onun fikrincə, mübadilə proqramları tələbə və müəllimlərə yeni perspektivlər qazandırır və bu da dayanıqlı inkişaf sahəsində qlobal təcrübələrin paylaşılmasına xidmət edir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji Planlaşdırma Şöbəsinin müdiri Qənirə Məmmədzadə çıxışında AzMİU-nun “İqlim Fəaliyyət Planı 2030” çərçivəsində Dayanıqlı Memarlıq, Şəhərsalma və Bərpa olunan Enerji Sistemləri kimi proqramlarla tələbələri qlobal ekoloji çağırışlara hazırladığını bildirib. O, həmçinin universitetin beynəlxalq akkreditasiyalara malik olması və innovativ layihələrinin Azərbaycanın enerji islahatlarına töhfəsini xüsusi vurğulayıb.
Tədbirin yekununda çıxış edən BDU rektoru Elçin Babayev, universitetlərin fəaliyyətlərində DİM-lərin əhəmiyyətini qeyd edib. O, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə əldə etdiyi uğurların məhz bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi olduğunu bildirib.