“WORK4CE” layihəsində aktiv iştirak edən tələbələrə sertifikat verilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMiU) ev sahibliyi ilə keçirilən Erasmus+ CBHE “21-ci əsrdə sağlam və təhlükəsiz iş üçün domenlərarası səriştələr” (WORK4CE) layihəsində aktiv iştirak edən könüllü və iştirakçılara sertifikatlar təqdim olunub.

Mərasimdə çıxış edən AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov Avropa İttifaqı tərəfindən maliyyələşdirilən universitetin də tərəfdaş olduğu beynəlxalq təhsil layihəsi haqqında məlumat verərək onun məqsəd və əhəmiyyətini diqqətə çatdırıb. Söyləyib ki, tələbələrimiz 19-20 sentyabr tarixlərində universitetimizdə keçirilən bu əlamətdar tədbirdə böyük fəallıq göstərib, beynəlxalq mütəxəssislərlə ünsiyyət şansı qazanıblar.

İctimaiyyətlə əlaqələr və Marketinq Mərkəzinin direktoru, eyni zamanda Beynəlxalq təhsil layihəsinin AzMİU üzrə koordinatoru İsa Muradov sertifikatların təqdimatını gənclərin inkişafı və peşəkar bacarıqlarının artırılması baxımından əhəmiyyətli addım kimi dəyərləndirilib. O, qeyd edib ki, layihə iştirakçılara əldə etdikləri bilik və təcrübələri gələcəkdə daha geniş müstəvidə tətbiq etmək imkanı verəcək.

Məlumat üçün qeyd edək ki, təhsil sahəsində qlobal tərəfdaşlıq yaradan layihə Ukrayna, İspaniya, Belçika, Almaniya, Azərbaycan universitetlərinin nümayəndələrini bir araya gətirir. Layihənin məqsədi gənclərin beynəlxalq standartlara uyğun təhsil almalarını təmin etmək, peşə bacarıqlarını artırmaq, iş dünyası ilə sıx əlaqələr qurmağa imkan verməkdir.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, birgə xatirə şəkli çəkdirilib.

21-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]