AzMİU-da İslam və Türk dünyasının paytaxtı Şuşa şəhərinə həsr olunan sərgi açılıb


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi Salonunda “İslam və Türk dünyasının paytaxtı Şuşamız” adlı sərgi açılıb. Sərgidə universitetin Memarlıq və Dizayn fakültələrinin, həmçinin İnşaat Kollecinin tələbələrinin 60-dan çox əl işi nümayiş olunub.

Tələbələr çəkdikləri rəsmlərdə Qarabağın tacı adlandırılan Şuşanın füsunkar təbiətini, memarlıq abidələrini və zəngin mədəniyyətini əks etdiriblər.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev açılış nitqi ilə çıxış edərək, dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə sərgi iştirakçılarını təbrik edib. O, sərginin Şuşanın mədəni irsini yaşatmaq və gənclərin istedadlarını üzə çıxarmaq yönümündəki əhəmiyyətini vurğulayıb.

Prorektor qeyd edib ki, bu gün Şuşada şəhərin tarixi simasının bərpası yönündə böyük layihələr həyata keçirilir. Şuşa artıq bir çox festivallara və mədəni tədbirlərə ev sahibliyi edir.

Rektorun müşaviri professor İlham Mərdanov və Dizayn fakültəsinin dekan Fərid Kərimov da sərgi barədə fikirlərini bölüşərək, tələbələrin hazırladığı əl işlərini yüksək qiymətləndirib.

Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən qırmızı lent kəsilib və qonaqlar sərgi ilə tanış olublar.

Şuşanın tarixi və mədəniyyətini yaşatmaq, gənc istedadları tanıtmaq məqsədini özündə ehtiva edən sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sonda münsiflər heyəti tərəfindən ən yaxşı işlər seçilib və qaliblər diplomlarla mükafatlandırılıb.

18-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]