Tələbələrimiz “Xəzər İnşaat Həftəsi” çərçivəsində inşaat sahəsindəki yenilikləri öyrəniblər
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) İnşaat fakültəsinin tələbələri “Xəzər İnşaat Həftəsi”ndə iştirak edib. Fakültənin dekan müavini Tural Əliyevin rəhbərliyi ilə tələbələr ekskursiya zamanı inşaat sənayesindəki ən son yenilikləri, texnologiyaları və qabaqcıl təcrübələri öyrənmək imkanı qazanıblar.
Bakı Ekspo Mərkəzində keçirilən tədbirdə iştirak edən tələbələrimiz xarici və yerli şirkətlərin təqdim etdiyi məhsul və texnologiyaları yaxından izləyiblər. Bu, onlarda təhsil aldıqları ixtisas üzrə real iş şəraiti ilə daha yaxından tanış olmağa, gələcəkdə qarşılaşa biləcəkləri çağırışları və inkişaf imkanlarını dərk etməyə köməklik edib.
Tədbir çərçivəsində “Rebuild Karabakh”, “BakuBuild”, “Aquatherm Baku” və “Road&Traffic” sərgiləri təşkil olunub. Bu sərgilərdə 22 ölkədən 380-dən çox şirkət iştirak edib. Sərgilərdə bu il ilk dəfə olaraq süni intellekt və yüksək texnologiyaların tətbiqi ilə məşğul olan şirkətlər də təmsil olunublar.
Tələbələr sərgilərdə inşaat, infrastruktur, enerji və yol hərəkəti sahələrindəki innovativ həlləri müşahidə ediblər. Müxtəlif tikinti məhsulları və texnologiyaları ilə tanış olub, şirkət nümayəndələri ilə birbaşa ünsiyyət quraraq, inşaat sahəsindəki yeniliklər və problemlər barədə müzakirələr aparıblar.
Qeyd edək ki, tələbələr üçün belə tədbirlər həm gələcək peşə fəaliyyətində istifadə edəcəkləri bilikləri artırmaq, həm də inşaat sahəsindəki mövcud tendensiyalara dair məlumatlı olmaq baxımından əvəzsiz təcrübədir.
Xatırladaq ki, ilk dəfə 2003-cü ildə təşkil olunan “Xəzər İnşaat Həftəsi” tikinti və infrastruktur sahəsində nüfuzlu tədbirlərdən biridir. Burada dünyanın müxtəlif ölkələrinə məxsus şirkətlər regionun biznes imkanları ilə tanış olur və yeni əməkdaşlıq fürsəti qazanırlar. Bu il dayanıqlı və ekoloji təmiz tikinti texnologiyalarının tətbiqi ilə bağlı keçirilən müzakirələr və təqdimatlar tədbirin beynəlxalq əhəmiyyətini daha da artırıb.