Elmi seminar: Polimerlərin istehsalında ekoloji yanaşmalar müzakirə olunub


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Yaşıl dünya naminə həmrəylik ili” və COP 29 çərçivəsində “Polimerlərin istehsalında və idarə edilməsində ekoloji yanaşmalar” mövzusunda elmi seminar keçirilib.

Fizika və Kimya kafedrasında təşkil edilən seminarda gənc tədqiqatçı, adıçəkilən kafedranın müəllimi Rəna Xankişiyeva plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri ilə bağlı təqdimatla çıxış edib.

Rəna Xankişiyeva bildirib ki, polimerlərin, xüsusilə də polietilen kimi plastik materialların geniş şəkildə istehsalı və istifadəsi, son onilliklərdə ətraf mühitin çirklənməsində əsas faktor kimi çıxış edir. Bu tullantıların idarə olunmasında rast gəlinən çətinliklər, xüsusilə onların təbiətdə uzun müddət parçalanmaması ciddi problemlər yaradır.

Tədqiqatçı plastiklərin yandırılması zamanı yaranan toksik maddələrin insan sağlamlığına mənfi təsirini qeyd edərək, bu tullantıların yanlış idarə edilməsinin həm ətraf mühit, həm də cəmiyyət üçün ciddi təhlükə yaratdığını söyləyib. Ondan istifadənin qlobal xarakter daşıdığını, plastiklərin dənizlərə və okeanlara çataraq su altı həyata və qida zəncirinə ciddi təhdid yaratdığını deyib. Polimer tullantılarının idarə olunmasında qarşıya çıxan çətinlikləri sadalayıb, ekoloji təhlükəsizliyin təmin olunması üçün bir sıra həll yolları təklif edib.

Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov çıxış edərək Azərbaycanda COP29 kimi əlamətdar tədbirin keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının ölkəmizin ekoloji problemlərə həssas yanaşmasının göstəricisi kimi qiymətləndirib. Tədqiqatçının seçdiyi mövzunun dövrümüzün ən aktual problemlərindən birinə həsr olunduğunu, onun kimi gənc tədqiqatçıların belə mövzulara həssas yanaşmasını yüksək qiymətləndirib.

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Rəna Xankişiyevanın apardığı tədqiqatın ekoloji problemlərin həllinə elmi töhfə verəcəyini söyləyərək bu yolda ona uğurlar arzulayıb.

Fizika və Kimya kafedrasının müdiri Adil Abdullayev seminarın keçirildiyi zalın COP29-la bağlı silsilə tədbirlər üçün ayrıldığını qeyd edib. Zalda professorlar İslam Mustafayev və Nurməmməd Məmmədovun təşəbbüsü ilə xüsusi guşələrin də yaradıldığını söyləyib. Adil Abdullayev əlavə edib ki, zalda COP29 tədbiri müddətində ekoloji problemlərə dair yerli və beynəlxalq mütəxəssislərlə müzakirələrin aparılması da nəzərdə tutulur.

Seminarın davamında mövzu ətrafında geniş elmi müzakirələr aparılıb. Müzakirələrdə polimer tullantılarının azaldılması və alternativ ekoloji həll yolları ilə bağlı tədqiqata istiqamət verəcək fikirlər səsləndirilib.

18-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]