SABAH qruplarının tələbələri 75-ci Beynəlxalq Astronavtika Konqresində elmi məqalələrlə çıxış edib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qruplarının tələbələri 75-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edib.
Beynəlxalq Astronavtika Federasiyasının qlobal səviyyədə keçirdiyi konqresə bu il 120 ölkədən 11 mindən çox iştirakçı qatılıb.
Ötən il “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” devizi ilə Bakıda keçirilən konqresin builki mövzusu “Dayanıqlılıq naminə kosmik məsuliyyət”dir.
İtaliyanın Milan şəhərinin ev sahibliyi etdiyi beynəlxalq tədbirdə kosmik sahədə qazanılan uğurlar və trendlər müzakirə olunub. Konqres çərçivəsində ölkəmizi “Azərkosmos”un nümayəndə heyəti, həmçinin 52 tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda təmsil edib.
Konqresin panel sessiyasında elmi komandanın üzvləri olan tələbələrimiz SABAH qruplarında memarlıq ixtisası üzrə təhsil alan Aysel Seyfullayeva, İnci İbadova, Ləman Rüstəmzadə və Ülvü Əzizov elmi məqalələrlə çıxış ediblər. Onların təqdimatları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Azərbaycandan Milan Konqresinə 345 elmi məqalə təqdim edilib ki, bu məqalələrin 90 faizi gənclər tərəfindən hazırlanıb. Bildirək ki, gənclərin kosmik sahədə öz elmi məqalələrini beynəlxalq auditoriyaya təqdim etməsi ölkəmizdə kosmik ekosistemin inkişafı yolunda aparılan fəaliyyətlərin nəticəsidir.