Nümayəndələrimiz Ümumdünya Akademik Sammitində iştirak ediblər


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri dünyanın ən nüfuzlu “Times Higher Education” (THE) reytinq təşkilatı tərəfindən təşkil olunan Ümumdünya Akademik Sammitində iştirak edib.

Böyük Britaniyanın Mançester Universitetinin ev sahibliyi ilə keçirilən bu əlamətdar sammitdə AzMİU-nu elm və innovasiyalar üzrə prorektor professor Nigar Aslanova, Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə təmsil edib.

Üç gün davam edən sammitə dünyanın müxtəlif ölkələrindən 500-dən çox nümayəndə qatılıb. Sammit “Fərq yaratmaq: Sürətlə dəyişən dünyada universitetlərin məqsədi” mövzusu altında sosial məsuliyyət və universitetlərin insanların həyatında real dəyişiklik etmək öhdəliyinə diqqət yetirib.

Sammitdə dəyişən dünyada ali təhsil qarşısında duran biznes problemləri, qlobal tərəfdaşlıq və tədqiqat innovasiyası da daxil olmaqla geniş spektrli məsələlərə dair 40-dan çox sessiya baş tutub. Eyni zamanda THE World University Rankings 2025-in nəticələri açıqlanıb, üstəlik THE-nin məlumat komandasının master-klassı təqdim olunub.

AzMİU əməkdaşları, Mançester Universitetinin prezident və vitse-kansleri professor Dunkan İvison və digər nüfuzlu universitetlərin təmsilçiləri ilə görüşlər keçiriblər. Müzakirələr zamanı elmi-tədqiqat layihələri haqqında fikir mübadiləsi edilib, müxtəlif universitetlərin təcrübələrini öyrənmək, dayanıqlı inkişafa əsaslanan potensial əməkdaşlıqlar yaratmaq, dünya təcrübəsini gələcəkdə universitetə tətbiq etmək yönümündə müzakirələr aparıblar.

Xatırladaq ki, bu cür beynəlxalq sammitlər, universitetlərin dünya miqyasında tanınması, innovativ ideyalarını paylaşması və sosial məsuliyyətli layihələrin həyata keçirilməsi üçün ən yaxşı platforma rolunu oynayır. Beləliklə AzMİU-nun bu sammitdə iştirak etməsi, onun beynəlxalq təhsil aləmindəki yerini daha da möhkəmləndirmək və gələcək inkişaf strategiyalarını formalaşdırmaq baxımından əhəmiyyətli rol oynayır. Bu təcrübələr vasitəsilə universitet, qlobal təhsil sistemindəki rəqabətliliyini artırmaq və tədqiqat fəaliyyətlərini daha da gücləndirməyə çalışır.

14-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]