Tələbələrimizə “Dizayn və rəqəmsal gələcək” mövzusunda seminar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatı (TGT) və Embawood MMC-nin əməkdaşlığı ilə “Dizayn və rəqəmsal gələcək” mövzusunda seminar keçirilib.
Seminar tələbələrə müasir dizayn və rəqəmsal texnologiyalar sahəsində yeni biliklər qazandırmaq və bu sahədə gələcək imkanları müzakirə etmək məqsədini daşıyıb.
Seminarın spikerləri Embawood şirkətinin dizayneri Aytən Maayeva və şirkətin marketinq meneceri Rüstəm Həsənli olub.
Aytən Maayeva tələbələrə müasir dizayn trendləri, texnologiyanın dizayn prosesinə təsiri və innovativ yanaşmalar barədə geniş məlumat verib. O, rəqəmsal alətlərdən istifadə edərək dizaynların funksionallığı və estetik dəyərinin necə optimallaşdırıldığını izah edib.
Rüstəm Həsənli isə rəqəmsal marketinqin gücü və onun biznes uğuruna necə töhfə verdiyini izah edib. O, rəqəmsal texnologiyaların biznes strategiyalarında necə istifadə edildiyini və müasir bazarda uğur qazanmaq üçün marketinq kampaniyalarının necə qurulmalı olduğunu bildirib.
Seminarın sonunda şirkət iştirakçılar arasında intellektual oyun keçirərək, oyun zamanı düzgün cavab verən tələbələri mükafatlandırıb. Bu oyun, tələbələrin biliklərini sınamaqla yanaşı, seminarın daha interaktiv və əyləncəli keçməsinə imkan yaradıb.