Tələbələrə COP29 konfransının iqlim dəyişikliyinin təsirlərinin azadılması istiqamətində faydaları haqqında məlumat verilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbələri üçün günü-gündən artan enerji tələbatı və mövcud ekoloji vəziyyət fonunda maarifləndirici seminar keçirilib.

Seminar Energetiklər Günü və COP 29 tədbiri çərçivəsində təşkil olunub.

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin Yaşıl enerji kafedrasının müdiri Ayşən Həmidova tərəfindən aparılan seminarda ilk olaraq ölkəmizdə keçiriləcək COP29 konfransı və onun iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətinə verəcəyi mühüm töhfəni xatırladıb. COP29-un iqlim siyasəti üzrə müzakirələri artırmaq, məlumat mübadiləsini asanlaşdırmaq və innovativ həll yolları yaratmaq üçün müstəsna bir platforma olduğunu bildirib. O, iqlim dəyişikliyi ilə mübarizədə yalnız dövlətlərin deyil, həm də fərdi əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Konfransın dünya miqyasında yaşıl iqtisadiyyata keçid üçün müsbət təsirlər yarada biləcəyini qeyd edib.

Ayşən Həmidova çalışdığı qurumun fəaliyyəti barədə də məlumat verib. Əhalinin keyfiyyətli enerji təminatı ilə bağlı görülən mühüm işləri xatırladıb. Qeyd edib ki, hazırda dünyada tükənən ənənəvi enerji mənbələri alternativ enerji mənbələrinə keçidin zəruriliyini artırır. Bu kontekstdə dünya ölkələri tərəfindən "yaşıl enerji" mənbələrinə keçid üzrə müxtəlif addımlar atılır.  

Təqdimatda, həmçinin ölkənin bərpaolunan enerji potensialı, “yaşıl enerji”yə keçidlə bağlı atılan addımlar və perspektiv fəaliyyətlər ətrafında ətraflı məlumat verilib.

AzMİU-da keçirilən bu seminar, iqlim dəyişikliklərinin önəmini bir daha gündəmə gətirərək, tələbələrin enerji sahəsində aktual biliklər əldə etmələrinə və bu sahəyə maraqlarının artmasına xidmət edib.

10-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]