Ali Təhsildə Keyfiyyət Təminatı üzrə ilk Simpozium – əməkdaşlarımız yerli və beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları – Keyfiyyət Təminatı və Monitorinq Mərkəzinin müdiri Könül Ağayeva və Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə ADA Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə əməkdaşlıq çərçivəsində təşkil olunan simpoziumda iştirak edib.
İki gün davam edən simpoziumda həm yerli, həm də beynəlxalq ekspertlər tədrisin qiymətləndirilməsi, institusional akkreditasiya sahəsindəki irəliləyişlər, tədrisə müasir yanaşmalar, məlumatların hesabatlılığı və universitetlərdə keyfiyyət təminatı mexanizmlərinin müxtəlif strukturları haqqında fikirlərini bölüşüblər. Əməkdaşlarımız simpoziumun gedişində qoyulan məsələlərlə bağlı öz təkliflərini səsləndirib, görülməli işlərlə bağlı müzakirələrə qoşulublar.
Simpoziumun nəticəsi olaraq iştirakçıların bir çoxu universitetlər arasında keyfiyyət təminatı sahəsində daha sıx əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb və əməkdaşların təcrübələri paylaşmalarına, ümumi məsələlər və layihələr üzərində birgə işləmələrinə imkan verəcək bir platforma yaratmaq niyyətində olduqlarını ifadə ediblər.