Tikinti-iqtisad fakültəsinin tələbələri “GreenTalk” layihəsi çərçivəsində təlimə qoşulub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “GreenTalk" layihəsi çərçivəsində “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə "Yaşıl iqtisadiyyat: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusunda təlim keçirilib.
Təlimdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti-iqtisad fakültəsinin tələbələri də iştirak edib.
Təlimçi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Süni intellekt üzrə layihə meneceri Ruslan Zeynalzadə gəncləri süni intellektin tarixi, inkişafı və hazırda tətbiq olunduğu sahələr barədə məlumatlandırıb. O, Blokçeyn, virtual və genişlənmiş reallıq, əşyaların interneti kimi anlayışların izahını verərək, texniki baxışın proqnozlaşdırılması, süni intellekt ilə reallığın dəyişdirilməsi hallarını real foto və videolar əsasında nümunələrlə iştirakçılara təqdim edib.
Eyni zamanda, iştirakçılarla kiberhücumların süni intellektlə müəyyənləşdirilməsi, sənayedə tətbiq olunan təlim və simulyasiyalar, bulud texnologiyalar vasitəsilə dataların toplanması, emalı və mühafizəsi ətrafında söhbət aparılıb.
Sonda təlimçi və İİTKM-in əməkdaşları tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb.