Rektorun kafedra müdirləri ilə ilk seminar-müşavirəsi keçirilib
Tədris prosesinin keyfiyyətinin artırılması məqsədi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) rektorunun kafedra müdirləri ilə birinci seminar-müşavirəsi keçirilib.
Rektor professor Gülçöhrə Məmmədova çıxış edərək professor-müəllim heyətinin universitetin həyatında və bilavasitə tədris prosesində rolu, təhsilin rəqəmsallaşması və AzMİU-nun dünya reytinq sistemlərində irəliləməsi istiqamətində görüləcək işlərin vacibliyini qeyd edib.
Tədris işləri üzrə prorektor professor Akif Qasımov da çıxışında universitetdə tədrisin keyfiyyətinin daha da yüksəldilməsi üçün son illər görülən işlərə diqqət çəkib, qarşıda duran vəzifələrin əhəmiyyətindən danışıb.
AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri akademik Telman Əliyev “Qəzaların başlanğıcının və inkişaf dinamikasının səs-küyünə nəzarət “ mövzusunda çıxış edib, ümumilikdə universitetdə elmi fəaliyyətin müxtəlif istiqamətləri mövzularına toxunub.
Keyfiyyət Təminatı və Monitorinq Mərkəzinin müdiri Könül Ağayeva kafedra müdirlərinə fənn proqramlarının, tələbələrin elektron kabinetinin və elektron kitabxananın hazırlıq vəziyyəti barədə məlumat verib. Mərkəz rəhbəri bu istiqamətdə cari semestrda görüləcək işlər barədə kafedralar qarşısında duran öhdəlikləri diqqətə çatdırıb. Könül Ağayevanın çıxışı zamanı, həmçinin hər semestr keçirilən tələbə sorğuları, qeyd olunan əsas iradlar və sorğuların düzgün emal olunması barədə müzakirələr də aparılıb.
AzMİU-nun dünya reytinq sistemlərində irəliləməsi istiqamətində kafedra müdirləri, professor-müəllim heyətindən gözləntilər və həyata keçirilməsi nəzərdə tutulan işlər barədə Strateji Planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə məlumat verib. O, tədris prosesinə daha çox əmək bazarı nümayəndələrinin cəlb olunması, onların universitetin məşvərətçi strukturlarında aktiv iştirakı və s. kimi məsələlərdən danışıb.
Müşavirə qeyd olunan istiqamətlərdə fikir mübadiləsi və müxtəlif təkliflər irəli sürülərək davam etdirilib.