Universitetimizdə ABŞ səfirliyi ilə əməkdaşlıq çərçivəsində seminar keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ekologiya kafedrası və Xarici əlaqələr şöbəsinin təşəbbüsü, ABŞ səfirliyinin təşkilatçılığı ilə seminar keçirilib. Seminarda səfirlik əməkdaşları, universitetin müxtəlif fakültələrindən müəllim və tələbə heyəti iştirak edib.

Seminarın əsas məruzəçisi “Fulbright” proqramı üzrə alim, Virciniya Texnologiya Universitetinin Bioloji Sistemlər Mühəndisliyi fakültəsinin mütəxəssisi, dosent Culi Şortrici olub. O, ABŞ səfirliyinin COP-29 mövzularına həsr olunmuş çıxışlar çərçivəsində Bakıya səfər edib. Xarici mütəxəssis “İqlim dəyişikliyinə uyğunlaşma, cəmiyyətin iqlim davamlılığı və mühəndis yanaşmaları” ilə bağlı təqdimatla çıxış edib. Onun təqdimatında iqlim dəyişikliklərinə adaptasiya üçün infrastrukturun rolu, bu sahədə bərabərlik və inklüzivliyin artırılmasının əhəmiyyəti vurğulanıb.

Təqdimat zamanı iqlim dəyişiklikləri ilə bağlı müxtəlif mühəndis həllərin mövcud sosial və iqtisadi sistemlərə necə təsir etdiyi müzakirə edilib və belə həllərin düzgün tətbiqi ilə cəmiyyətin davamlılığını artırmaq yolları göstərilib. İştirakçılar təqdimatın sonunda mövzu ətrafında müzakirələr aparıb, suallarını məruzəçiyə ünvanlayıblar.

Şortrici, həmçinin, Fulbright proqramı çərçivəsində Şimali Finlandiyanın Oulu Universitetində aparılan tədqiqatlarından bəhs edərək, iqlim dəyişikliklərinə uyğunlaşmada mühəndislik və müxtəliflik arasında əlaqəni müzakirə edib. Bildirək ki, onun apardığı bu tədqiqatların nəticələri COP-29 mövzusunda aparılan müzakirələrə öz faydasını verəcəkdir.

Xatırladaq ki, AzMİU ətraf mühit məsələləri ilə bağlı təhsilə və tədqiqatlara verdiyi töhfəyə görə təhsil müəssisələri arasında seçilir. Bu sahədə çoxlu layihələr icra edilir və universitet iqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərin həllinə dəstək verməyə çalışır.
 

03-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]