AzMİU əməkdaşları “Soft Computing” üzrə doqquzuncu ümumdünya konfransında elmi məqalələrlə çıxış ediblər


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya texnologiyaları və sistemləri kafedrasının əməkdaşları qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, məşhur azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan “Soft Computing” üzrə doqquzuncu ümumdünya konfransında elmi məqalələrlə çıxış ediblər. 

Bakıda keçirilən konfransa ABŞ, Polşa, Belçika və Rusiya da daxil olmaqla 18 ölkədən qeyri-səlis məntiq, kibertəhlükəsizlik və süni intellekt üzrə dünya şöhrətli ekspertləri, mütəxəssisləri bir araya toplanıb. Öncəki illərdə konfrans Amerikanın Texas, Kalifornia, Vaşinqton kimi ştatlarında gerçəkləşib və ilk 6 tədbirdə Lütfi Zadə şəxsən özü şəxsən iştirak edib. 

Konfransın Təşkilat Komitəsinin üzvləri arasında kafedranın müdiri akademik Telman Əliyev yer alıb. Konfransın “Fuzzy Simulation and Data mining” və “Fuzzy Logic and ts Applications” adlı seksiyalara kafedranın professoru Nailə Musayeva rəhbərlik edib. 

Seksiyalarda kafedranın müdiri Telman Əliyev və professor Nailə Musayeva “Texniki obyektlərin istismar vəziyyətinin etibarlılığının qiymətləndirilməsi üçün məlumat bazasının yaradılması”, kafedranın əməkdaşları Rəna Hüseynova və Günel Əliyeva “Uzaq atmosfer obyektlərinin qrup temperaturunun ölçülməsi üsulu”, Solmaz Kəlbiyeva, Mütəllim Mütəllimov, Sevil Hüseynova “Son sayda dairələri olan bir müstəvidə məhdud ərazini əhatə etmək üçün optimallaşdırma alqoritmi” mövzularında məruzələr ediblər. 

“Soft Computing” üzrə araşdırmalarının nəticələri haqqında müzakirələr aparmaq, bu sahədə çalışan mütəxəssisləri bir araya gətirmək və gəncləri müvafiq sahədə tədqiqat proseslərinə cəlb etmək məqsədi daşıyan konfransa mütəxəssislər tərəfindən maraq böyük olub.

Konfransa təqdim olunan seçilmiş məqalələr “Web of Science” tərəfindən indeksləşdirilən “Springer” nəşriyyatının “Soft Computing Application Series” jurnalında dərc olunacaq.
 

03-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]