AzMİU-nun laboratoriya müdiri müdafiə sahəsində avtomatlaşdırmanın gələcəyi ilə bağlı panel müzakirələrə qatılıb


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya texnologiyaları və sistemləri kafedrasının İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik laboratoriyasının müdiri Günel Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib.    

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə reallaşan yubiley sərgisinə dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət qatılıb.

Sərgi çərçivəsində panel müzakirələr aparılıb. Panel müzakirələrin biri “Müdafiə sahəsində avtomatlaşdırma və robotlașdırma: perspektivlər və çağırışlar” mövzusuna həsr olunub. Panel müzakirədə Günel Əliyeva da iştirak edib. Panel müzakirə müdafiə sahəsində avtomatlaşdırma və robotlaşdırmanın gələcəyi, çağırışları və imkanlarını daha dərin bir perspektivdən anlamaq məqsədini daşıyıb. Bu müzakirələr, həmçinin mütəxəssislərin yeni texnologiyaların tətbiqi ilə bağlı ideyalarını paylaşmasına və gələcəkdəki tədqiqat və inkişaf sahələrinə yönəlmiş strateji yanaşmaları müzakirə etmələrinə imkan tanıyıb.

Beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır.
 

03-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]