Elmi Şuranın 2024/2025-ci tədris ili üzrə ilk iclasında qəbul nəticələri geniş müzakirə olunub


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə ilk iclası keçirilib. Elmi Şuranın sədri, universitetin rektoru professor Gülçöhrə Məmmədova gündəlikdə duran məsələlərə keçmədən öncə İxtisasartırma fakültəsinin dekanı dosent Cəmilə İmaməliyevanı 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində böyük uğurlar arzu edib. Yubiley təbrikindən sonra gündəlikdə duran məsələlər şura üzvlərinin diqqətinə çatdırılıb. İlk olaraq AzMİU-nun elmi katibi professor Tahirə Haqverdiyevanın “2024/2025-ci tədris ili üzrə Elmi Şuranın iş planının müzakirəsi və təsdiqi” barədə hesabatı dinlənilib. O, şura üzvlərini yeni tədris ilində universitetin iş planı ilə tanış edib.   Elmi katibin çıxışından sonra Qəbul Komissiyasının sədri Surxay Əliyevin və Magistratura Mərkəzinin direktoru Rövşən Səmədovun “2024/2025-ci tədris ili üzrə tələbə qəbulunun nəticələri, universitetin hədəfləri və gələcəyə baxış” adlı hesabatları dinlənilib. Surxay Əliyev yeni tədris ilində bakalavriat səviyyəsi üzrə tələbə qəbulunun nəticələrini əks etdirən hesabatla çıxış edib. Qəbul Komissiyasının müdiri qeyd edib ki, son beş ildə AzMİU-da qəbul planı 1950 nəfərdən 2470 nəfərə çatdırılıb. O, plan yeri artımını tədrisin keyfiyyətinin yüksələməsi, yeni ixtisasların açılması və ingilis dilində də tədrisin aparılması ilə əlaqələndirib. Surxay Əliyev bildirib ki, bu il keçirilən qəbul imtahanlarından sonra AzMİU-ya cəmi 2362 nəfər tələbə qəbul olub ki, bu da ümumi planın 95,6%-ni təşkil edir. 59 nəfər qeydiyyatdan keçmədiyindən yekunda plan yeri 93,2% yerinə yetirilib. Bu tələbələrdən 1217 nəfəri dövlət sifarişi, 1086 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Hesabatda ötən illərlə müqayisədə bu ilki qəbulun nəticələrinin yüksək olduğu bildirilib. Qəbul olan abituriyentlər arasında 500-600 bal toplayanların digər illərə nisbətən üstünlük təşkil etdiyi qeyd edilib və ayrı-ayrı fakültələr, ixtisaslar üzrə infoqrafik məlumatlar Elmi Şura üzvlərinin diqqətinə çatdırılıb.     Magistratura mərkəzinin direktoru Rövşən Səmədov hesabatında bildirib ki, yeni tədris ilində magistratura səviyyəsi üzrə plan yerləri ümumilikdə 88,5%, MBA proqramı üzrə isə 95% yerinə yetirilib. Universitetin magistratura pilləsini seçən tələbələr arasında digər universitetlərdən olan tələbələrin üstünlük təşkil edib.   Rövşən Səmədov, eyni zamanda mərkəz tərəfindən 2023/2024-cü tədris ilində magistratura səviyyəsində qəbulun sayı və keyfiyyətinin artırılması üçün görülmüş işlərə də toxunub. Ayrı-ayrı ixtisasların kəmiyyət və keyfiyyət göstəricilərinə nəzər salaraq qazanılan uğurlar və çatışmazlıqlardan danışıb, daha yüksək nəticələrin əldə olunması üçün təkliflər verib. Hər bir hesabat ətrafında aparılan müzakirələrdən sonra Elmi Şura üzvlərinin müvafiq təklif və tövsiyələri nəzərə alınmaqla qəbul olunub. Elmi Şuranın iclası cari məsələlərə baxılmaqla davam edib.

02-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]