Dünya şöhrətli alim Məsud Əfəndiyev Fields İnstitutunda keçirilən konfransda dəvətli məruzəçi qismində çıxış edib


Almaniyanın Münhen şəhərində yerləşən Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadada professor Sivabal Sivagonathanana həsr olunmuş “Hesablamada sərhədlər və Riyazi Tibb” (Frontiers in Computational and Mathematical Medicine) adlı nüfuzlu beynəlxalq elmi konfransda iştirak edib.  

Fields İnstitutunun dəvəti ilə məruzəçi qismində konfransa qatılan dünyaşöhrətli alim burada məruzə ilə çıxış edib. Alim məruzəsində riyaziyyatın biologiyaya tətbiqi və aldığı son nəticələr barədə danışıb.

Professor Məsud Əfəndiyev səfəri çərçivəsində Fields İnstitutunun Riyaziyyat Tibb Mərkəzində (Center of Mathematical Medicine) təşkil olunan elmi seminarda da çıxış edib.

Bildirək ki, belə dəvətli məruzələr riyaziyyat elmində xüsusi töhfələri olan alimlərə təklif olunur. Bu töhfələrinə görə Məsud Əfəndiyev ötən il Fields İnstitutunun riyaziyyat elmləri sahəsində araşdırmalar üzrə ömürlük mükafatına da layiq görülüb.

Dünya şöhrətli alim konfransdan sonra Azərbaycanın aparıcı ali təhsil müəssisələri, o cümlədən Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Fields İnstitutu arasında əməkdaşlıq məsələrini müzakirə edib.

Qeyd edək ki, Məsud Əfəndiyev, AzMİU ilə bir sıra elmi fəaliyyətlərdə yaxından əməkdaşlıq edir, xarici elmi əlaqələrin qurulmasında və möhkəmlənməsində, elmi nəşrlərlə bağlı məsələlərdə öz köməyini əsirgəmir. Professor Məsud Əfəndiyev bütövlükdə Azərbaycan alimlərinin, xüsusilə riyaziyat üzrə elm adamlarının dünya elm arenasına inteqrasiyası ilə bağlı aktiv fəaliyyət göstərir. Görkəmli alim bir neçə dəfə AzMİU-nun qonağı olub, professor-müəllim heyəti, tələbələrlə görüşüb, universitetdə keçirilən “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə (MPMMA 2024) həsr olunan beynəlxalq konfransda elmi məruzə ilə çıxış edib.

02-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]