Elmi seminar: Türkiyəli professor mühəndislikdə olan problemlərdən danışıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasında elmi seminar keçirilib.
Elmi seminarda Türkiyənin Qazi Universitetinin Elektrik və elektronika bölümünün professoru Mahir Dursunun “Mühəndislikdə problemlərin araşdırılması və innovativ texnologiyalar” mövzusunda geniş məruzəsi dinlənilib.
Seminara Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov, kafedranın əməkdaşları, eləcə də digər kafedralardan dəvət olunmuş müəllimlər, elektrik və elektronika ixtisasında təhsil alan yuxarı kurs tələbələri qatılıb.
Seminarın təşkili, əhəmiyyəti və mövzunun aktuallığı ilə bağlı çıxış edən professor Nurməmməd Məmmədov toxunulan məsələlərin mühəndislik elminin inkişafındakı önəminə diqqət çəkib. Onun mövzu ilə bağlı fikirlərindən sonra professor Mahir Dursunun məruzəsinə keçilib.
Türkiyəli professor məruzəsində müasir innovativ texnologiyaların gətirdiyi yeniliklərin mühəndislik sahəsindəki roluna diqqət çəkib. Onların istehsalatdan inşaata geniş spektrdə tətbiq olunduğunu, həmin sahələrdə olan mövcud problemlərin aradan qaldırdığını söyləyib. Müasir mühəndislikdə meydana çıxan problemlərin innovativ üsullarla həllinə aid konkret yanaşmalar səsləndirib.
Mahir Dursunun çıxışı auditoriya tərəfindən maraqla qarşılanıb, seminar sual-cavab və müzakirələrlə davam edib.