AzMİU və Dokuz Eylül Universiteti tələbələri Bakı ilə İzmir şəhərlərinin şifrəsini açmaq üçün bir araya gələcəklər
Türkiyənin Dokuz Eylül Universiteti (DEU) ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında imzalanan əməkdaşlıq protokolu çərçivəsində “Şəhərin şifrəsini açmaq – şəhər kimliyini yenidən düşünmək: Bakı-İzmir” adlı vörkşopa start verilib.
Vörkşopun məqsədi Bakı və İzmir şəhərlərinin timsalında şəhər kimliyini xəyali komponentlərlə açmaq və bu komponentlərin qavrayış və təcrübi keyfiyyətlərini gücləndirə biləcək təkliflər hazırlamaqdır. Vörkşopda onlayn və oflayn qaydada konseptual və məkanla bağlı məlumatlandırıcı təqdimatların edilməsi, hər iki şəhərin ərazi keyfiyyətlərini deşifrə etmək və təkliflər vermək planlaşdırılır.
3 mərhələdə aparılacaq vörkşopun ilk mərhələsi onlayn qaydada həyata keçirilib.
AzMİU-nun Dizayn fakültəsi, Mühit dizaynı kafedrası, Xarici əlaqələr şöbəsi və DEU-nun Memarlıq fakültəsinin təşkilatçılığı ilə keçirilən onlayn vörkşopa hər iki universitetdən seçilən 10 tələbə və professor-müəllim heyəti qatılıb.
AzMİU-nun Mühit dizaynı kafedrasının müdiri professor Yeganə Hacıyeva və DEU-nun Memarlıq fakültəsinin professoru Hümeyrə Birolun moderatorluğu ilə keçən onlayn görüşdə iştirakçılar birgə yerinə yetiriləcək məsələləri müzakirə ediblər.
Qeyd edək ki, 1 həftə müddətində keçirilməsi nəzərdə tutulan vörkşopda AzMİU-nun Mühit dizaynı kafedrasının müdiri Yeganə Hacıyeva, müəllimlər Aytən Şərifova, Cəmalə Qəribli, DEU-dan Memarlıq fakültəsinin müəllimləri professor Hümeyrı Birol, Gözde Ekşioğlu Çetintahra tələbələrə Bakı və İzmir şəhərləri barədə təqdimatlar edəcəklər. Bu müddət ərzində tələbələr 4 nəfərlik komandalar şəklində onlara verilən mövzuları birgə yerinə yetirməyə, tapşırıqlara uyğun təkliflər səsləndirməyə çalışacaqlar.
Növbəti mərhələlərdə isə hər iki universitet nümayəndələrinin Bakı və İzmirə səfərləri təşkil olunacaq.
AzMİU tələbələri İzmir hissəsində “Konak və onunla əlaqəli tarixi faktura”, DEU tələbələri isə Bakıda “Sahil istirahət zonası və onunla əlaqəli tarixi faktura” istiqamətli tədqiqatlar aparacaq, yer, ictimai açıq məkan və tarixi şəhər modelinə nəzər yetirəcək, təkliflər hazırlayacaqlar.