Gələcəyin memarları ABŞ-li həmkarları ilə Bakının urbanistik dizaynını araşdıracaqlar
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsi ilə Yuta Dövlət Universitetinin Landşaft Memarlığı və İqtisadi Planlaşdırma Departamenti birgə onlayn vörkşop keçirəcək.
“Şəhər Analizi Təsviri” mövzusuna həsr olunan vörkşop Yuta Dövlət Universitetinin Landşaft Memarlığı və İqtisadi Planlaşdırma Departamenti və AzMİU-nun Memarlıq fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə ortaq yerinə yetiriləcək. "Zoom" platforması üzərində aparılacaq vörkşop Bakı şəhərinin urbanistik dizaynını öyrənməyə yönəlib.
Yuta Dövlət Universitetinin Dizayn Studiyası tərəfindən semestr boyu keçirilməsi nəzərdə tutulan layihə ümumilikdə şəhər strukturu, sistemi, qarşılaşdığı çətinliklər və dizayn imkanlarını daha dərindən anlamaq məqsədi ilə bir neçə mərhələdən ibarətdir. Bu mərhələlərdə bir tarixi şəhər seçilir və dərin urbanistik dizaynı araşdırılır.
Bildirək ki, layihənin əsas mərhələsi, sentyabrın 23-dən oktyabrın 4-nə qədər AzMİU ilə birgə keçiriləcək əməkdaşlıq vörkşopudur. Vörkşop çərçivəsində hər iki universitetin müəllim və tələbə heyəti, Bakının tarixi küçələri üçün innovativ urbanistik dizayn həllərini inkişaf etdirmək məqsədilə bir araya gələcəklər.
Tələbələr Bakı şəhərini bir neçə istiqamət üzrə (şəhərin tarixi və mədəniyyəti, ekoloji sistemləri, nəqliyyat və infrastruktur analizi, açıq məkanların öyrənilməsi və tarixi bölgələrin tədqiqini və s.) araşdıracaq, komanda işinə əsaslanan yanaşma ortaya qoyacaqlar. Əvvəlcədən müəyyən edilən mövzular 5 nəfərdən təşkil olunan komandalara təqdim olunacaq. Komandalar mövzulara dair dərin analiz təqdim edəcək, şəhərin güclü və zəif cəhətləri, imkanları və təhdidlərini müəyyən edəcəklər.
Məlumat üçün qeyd edək ki, vörkşop Bakı şəhərinin tikinti və urbanizasiya kontekstindəki mürəkkəbliyin öyrənilməsinə xidmət edəcək və tələbələrə şəhərin inkişafı ilə bağlı müasir problemləri anlamaq və həll yolları üzərində işləməyə imkan verəcək.