AzMİU-da “Work4CE” layihəsinin bağlanış mərasimi keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə keçirilən “Work4CE” beynəlxalq təhsil layihəsi yekunlaşıb.  

Layihənin bağlanış mərasimində AzMİU-nun elm və innovasiyalar üzrə prorektoru professor Nigar Aslanova, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin rəhbəri Müjdat Həsənov, Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov, Dövlət Gömrük Komitəsi Akademiyasının elmi işlər üzrə rəis müavini Cəmilə Namazova, layihənin koordinatoru, Ukrayna Zaporoje Politexnik Milli Universitetinin professoru Galina Tabunshchikin, tərəfdaş universitetlərin prorektorları, layihənin üzvləri iştirak ediblər. 

Qlobal təhsil layihəsinin Azərbaycan üzrə koordinatoru İsa Muradovun moderatorluğu ilə keçən mərasimdə təbrik nitqləri səsləndirilib, layihə müddətində əldə olunan uğurlu nəticələrdən danışılıb.  

Mərasimdə çıxış edən AzMİU-nun elm və innovasiyalar üzrə prorektoru Nigar Aslanova “Work4CE” beynəlxalq təhsil layihəsi haqqında danışarkən, layihənin əsas məqsədini və əhəmiyyətini vurğulayıb. Bildirib ki, layihə, gənclərin peşə bacarıqlarını artırmaq, onların beynəlxalq standartlara uyğun təhsil almalarını təmin etmək və iş dünyası ilə sıx əlaqələr qurmaq məqsədilə hazırlanıb. Prorektora görə, AzMİU-nun da qoşulduğu layihə gələcəkdə gənclərin uğurlu karyera qurmasında mühüm rol oynayacaq. 

Sonra Erasmus+ “Work4CE” komandasına daxil olan universitet nümayəndələri hesabatlarla çıxış ediblər. 

“Work4CE”in menecerləri bir araya gələrək detallı müzakirə aparıb, layihənin təhsilin inkişafına gətirəcəyi müsbət təsirləri və davamlılığını nəzərdən keçiriblər. Menecerlər layihənin təhsil və istehsalat müəssisələri arasında əlaqənin qurulması, bu əlaqələrin sağlam zəmində inkişafı üçün yaratdığı imkanlara diqqət çəkərək, qərara gəliblər ki, “Work4CE”in davamlılığının təmin olunması və yeni mərhələnin başladılması üçün Avropa İttifaqının Erasmus+ proqramına müraciət edilsin.

AzMİU Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində “Work4CE” konsorsiumunun icraedici strukturunda Azərbaycanı təmsil edir və icra olunan layihənin noyabr ayında bitməsi nəzərdə tutulur.

20-09-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]