Tələbələrimiz Leyla Əliyevanın iştirakı ilə keçirilən ağacəkmə aksiyasında
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının fəal tələbələri Heydər Əliyev fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.
Aksiya sentyabrın 19-da Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki ərazidə təşkil olunub.
Aksiya zamanı 200 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.
Qeyd edək ki, layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirilməyə töhfə verməkdən ibarətdir.
Kütləvi ağacəkmələr, eyni zamanda, iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarının azaldılmasına nail olmaqla bağlı qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.