“Code for future” təhsil layihəsi AzMİU-da növbəti tələbələrini axtarır
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Code Academy ilə Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Code for future” təhsil layihəsi barədə infosessiya keçirilib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev tədbiri açıq elan edərək “Code for future” təhsil layihəsi barədə qısa informasiya verib və tələbələrə qazandırdığı üstünlüklərdən danışıb. AzMİU tələbələrinin gələcək karyeralarında əhəmiyyətli rol oynayacaq İT biliklərini təkmilləşdirməyə yönəlik imkandan yararlanmağa səsləyib.
Akademiyanın nümayəndəsi AzMİU-da ötən semestrdə təşkil olunan “Code for future” layihəsinin nəticələri, məzun olan gənclərin əldə etdikləri nailiyyətlərdən danışıb. Növbəti semestrdə tədris olunacaq təhsil layihəsinə müraciət qaydaları, tələb olunan göstəricilər, qoyulan şərtləri nəzərə çatdırıb.
Tədrisə qoşulacaqları təqdirdə ödənişsiz təhsil almaq, eləcə də Code Academy tərəfindən təklif olunan tədris proqramlarında mövcud semestrdə olan müvafiq ixtisas fənlərini əvəz etmə imkanına sahib olacaqlarını bildirib.
Bildirək ki, akademiyanın ixtisaslı mütəxəssisləri tərəfindən idarə edilən layihə tələbələrə informasiya texnologiyaları, mühəndislik və memarlıq sahələrində nəzəri və praktiki təcrübə də qazandıracaq.
Layihədə iştirak etmək istəyən tələbələr qəbul imtahanına çağırılacaq, imtahandan uğurla keçənlər isə tədrisə cəlb olunacaqlar. Beləliklə, layihənin təklif etdiyi Proqramlaşdırma, AutoCAD və Solidworks biliklərini mükəmməlləşdirməklə beynəlxalq sertifikat və Code Academy diplomu əldə edəcəklər.
Daha ətraflı məlumat almaq və müraciət etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://forfuture.code.edu.az/