AzMİU tələbələri Türkiyədə yay təcrübə proqramına cəlb olunub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup tələbəsi Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin İstanbul Su və Kanalizasiya İdarəsində (İSKİ) 2 həftəlik yay təcrübə proqramına cəlb olunub.
Proqrama universitetin Xarici əlaqələr şöbəsinin böyük mütəxəssisi Tural Atayevin rəhbərliyi ilə Memarlıq və İnşaat fakültəsindən 9 tələbə qatılıb.
İlk gün tələbələr İSKİ-nin rəhbər heyəti ilə görüşlər keçirib, qurumun tarixi, fəaliyyəti, həyata keçirdiyi layihələr, gələcək illərdə görüləcək işlər haqqında əhatəli informasiyalar əldə ediblər. Onlar növbəti günlərdə İSKİ-nin nəzdində olan məkanlara - Su Kontrol ve Otomosyon Mərkəzində (İSKOM), Təmiz Su, Tullantı Su Laboratoriyaları, İkitelli İçmə Su Təmizləmə Obyekti, Ataköy Qabaqcıl Bioloji Çirkab Su Təmizləmə Obyektində olub, iş prosesini yaxından izləyib, laboratoriyalarında texniki araşdırmalar edib, Türkiyəli mütəxəssislərin təcrübələrindən yararlanıblar.
Proqram çərçivəsində onlar “Cendere İncəsənət”, “Terkos Su Mədəniyyətləri” , “Miniatürk” və “Panorama-1453” və digər tarixi muzeylərə də baş çəkiblər. Proqramın sonunda tələblərə İSKİ tərəfindən xatirə hədiyyələri və sertifikatlar verilib.
Qeyd edək ki, müəllim və tələbə mübadilə proqramları çərçivəsində AzMİU bir çox xarici ölkə universitetləri, qurumları ilə sıx və uğurlu əməkdaşlıq edir. Bu sırada qardaş Türkiyə universitetləri və qurumları xüsusi seçilir. Təkcə İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) ilə əməkdaşlıq əsasında 200-dən çox tələbəmiz Türkiyənin su təchizatı, bu istiqamətdə idarəetmə metodları, tətbiq olunan elmi-texniki qurğularla tanış olub. Hazırda həmin gənclər yüksəkixtisaslı mühəndis kadrlar kimi ölkəmizin su təchizatı sektoru üzrə müxtəlif qurumlarında çalışırlar.