Professor Azər Qasımzadənin həmmüəllifi olduğu kitab “Springer” tərəfindən nəşr olunub


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMiU) Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, rektorun müşaviri professor Azər Qasımzadənin həmmüəllifi olduğu “Zəlzələyə davamlı dizayn, mühafizə və zəlzələ mühəndisliyində performansın qiymətləndirilməsi” (Earthquake Resistant Design, Protection, and Performance Assessment in Earthquake Engineering) adlı kitabı İsveçrədə beynəlxalq “Springer” yayın evində nəşr olunub. 

Kitab zəlzələ mühəndisliyi sahəsində məşhur tədqiqat sahələrində ən son nailiyyətləri əhatə edir və 3 hissədən ibarətdir. 

Kitabın birinci hissəsinə seysmik mühafizə sistemləri, qüllə konstruksiyaları üçün yeni passiv izolyasiya sistemi, sürtünmə əsaslı izolyasiya sistemləri, dövri dəyişən izolyasiya sistemləri və təqdim olunan tətbiqlər, İtaliya, Yaponiya və Makedoniyadakı son inkişaflar haqqında yeddi fəsil daxildir. Bu hissədə uzunmüddətli strukturlar üçün dizayn əsaslı yer hərəkətinin xüsusiyyətləri izah olunur. 

İkinci hissədə isə Strukturların Performans Qiymətləndirilməsi üçün Qeyri-Dağıdıcı Sınaq (NDT) və Struktur Sağlamlıq Monitorinqi (SHM) üzrə yeni inkişaflar üzrə üç fəsil yer alır. ABŞ, Kanada və Türkiyədə edilən tətbiqlər və son inkişaf tendensiyaları təqdim olunur. 

III hissə Seysmik Fəaliyyətin Qiymətləndirilməsi üzrə səkkiz fəsildən ibarətdir. Bu hissədə aşağıdakı mühüm komponentlər üzrə nəticələr müzakirə edilir: 
- yüksək mərtəbəli binaya tətbiq etməklə performansa əsaslanan seysmik layihələndirmə üzrə yeni meyar;
- super hündür beton əsaslı binanın divarlarının seysmik dizaynı və səmərəliliyinin qiymətləndirilməsi;
- yüksək effektiv modullu hündür taxta binanın seysmik layihələndirilməsi və qiymətləndirilməsi və s.

Həmmüəlliflər Azər Qasımzadə, Mustafa Erdik, Tribikram Kundu, Haluk Sucuoğlu, Paolo Klementenin ən son tədqiqat nəticələrini qısa xülasə şəklində təqdim edən kitab zəlzələ mühəndisliyi üzrə geniş spektrli mütəxəssislər, o cümlədən doktorantlar, təlimatçılar, dizaynerlər və tədqiqatçılar üçün maraqlı elmi ədəbiyyat hesab olunur. 
Kitab AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın təşəbbüsü və fəxri sədrliyi ilə Bakıda keçirilmiş nüfuzlu “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023, 26-28 Aprel 2023) Beynəlxalq Konqresinin məqsədinə və nəticələrinə əsaslanıb.  

Kitabın elektron versiyası ilə yayın evinin internet saytından tanış olmaq mümkündür: https://riverrunbookstore.com/book/9783031654060
 

12-09-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]