Rektor G.Məmmədova Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxış edib


Sentyabrın 9-da Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işinə başlayıb. 
Tədbirdən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova da iştirak edib. 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Daha sonra “Heydər Əliyev və təhsil” mövzusunda videoçarx nümayiş olunub.

Tədbirin moderatoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov azərbaycanlı alimlərin iştirakı ilə keçirilən forumu Azərbaycanın gücünün və birliyinin ifadəsi kimi qiymətləndirib.

Tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, xaricdə yaşayan Azərbaycan alimlərinin iştirakı ilə elmimizin səviyyəsinin artırılması, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir.

Əməkdar elm xadimi, Münxen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, dünya şöhrətli azərbaycanlı alim Məsud Əfəndiyev qeyd edib ki, forumun təşkilində məqsəd Azərbaycan elminin inkişafına töhfə vermək, peşəkar və gənc alimlər arasında körpü yaratmaqdır. Alim Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, elmimizin yüksək səviyyədə inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. 

Forumda Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində maraqlı müzakirələrin aparılacağına əminliyini diqqətə çatdıran elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, tədbir çərçivəsində ən vacib məqam Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiya məsələsidir.

Elm və Təhsil Nazirliyi tərəfindən göstəriləcək dəstək və imkanlar barədə danışan nazir transformasiyanın ən böyük problem olduğunu qeyd edib. Elmi rəqəmlərlə ölçməyin mümkün olmadığını deyən nazirin sözlərinə görə, Azərbaycan üçün elm və təhsil sahəsində müəyyən problemlər var. Lakin son on il ərzində bu sahədə müsbət işlər görülüb. Nazir xaricdə yaşayan alimlərimizdən gözləntilərin çox oldu-ğunu da diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd edib ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun təşkili, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən azərbaycanlı alimlərin Bakıda toplanmasını mühüm hadisə hesab edib. 

“Qadınlar nüvə sahəsində” Ümumdünya Assosiasiyasında Azərbaycanın rəsmi nümayəndəsi Dinara Abbasovanın (Avstriya) moderatorluğu ilə forum çərçivəsində “Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” mövzusunda panel müzakirələr aparılıb.

Günün sonunda “Qlobal akademik şəbəkənin qurulması: yerli universitet və elmi tədqiqat institutlarının inkişafı üçün yeni yanaşmalar” mövzusunda da panel müzakirələr aparılıb. Dünya şöhrətli alim Məsud Əfəndiyevin moderatorluğu ilə aparılan müzakirələrdə çıxış edənlər qlobal akademik şəbəkənin qurulması ilə bağlı mülahizələrini səsləndirib, təkliflərini bildiriblər.

İclasda Azərbaycanda fəaliyyət göstərən universitet və elmi tədqiqat institutlarının beynəlxalq akademik mühitlə əlaqələndirilməsində xaricdə yaşayan alimlərin rolunun inkişafı, Çin diaspor alimlərinin fəaliyyətindən faydalanmanın təhsilimizə təsiri, Azərbaycan üçün bu modelin qurulması ilə bağlı xaricdə yaşayan alimlərin fikirləri müzakirə olunub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Azərbaycan universitetlərinin qərb standartlarına uyğunlaşdırılmasına diqqət çəkib, birgə konfransların keçirilməsinin əhəmiyyətini qeyd edib. Qərb elmi ilə əlaqələrin qurulması və faydalı əməkdaşlığın əhəmiyyətindən bəhs edərkən o, faydalı əməkdaşlığın formalaşmasının birgə fəaliyyətimizə təkan verə biləcəyini vurğulayıb. 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək Azərbaycanda fəaliyyət göstərən ali məktəblərlə xaricdə yaşayan alimlərin qarşılıqlı əməkdaşlıq məsələsinə toxunub. Azərbaycanda uğurlu gənclərin yetişdirilməsinə çalışdıqlarını qeyd edib. “Beyin axını” layihəsindən danışıb. Universitetdə aparılan islahatlar haqqında ətraflı məlumat verən rektor xaricdə yaşayan alimlərlə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu dilə gətirib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Vazeh Əskərov həyata keçirilən layihələrdən, xarici universitetlərlə qarşılıqlı əməkdaşlıqlardan söz açıb.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bu forumun daimi və davamlı platforma olduğunu qeyd edərək birgə kadr hazırlığından danışıb.

Bakı Mühəndislik Universitetinin həyata keçirdiyi layihələrdən bəhs edən rektor Yaqub Piriyev xarici təhsil ocaqları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək universitetlərdə elmi tədqiqat qruplarının yaradılmasının vacibliyini diqqətə çatdırıb. Hal-hazırda tədbirdə iştirak edən alimlərlə Naxçıvan Dövlət Universitetinin əməkdaşlığının olduğunu bildirib.

Panel iclası qarşılıqlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

10-09-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]