Yeni qəbul olan tələbələri hansı yeniliklər gözləyir? – Bələdçi
Azərbaycanda memarlıq və inşaat sahəsində çalışan ali təhsilli kadrların hazırlanmasında Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) hər zaman seçilib. Ali təhsil müəssisəsinin məzunları olan yüksəkixtisaslı peşəkar memarlar və inşaat mühəndisləri ölkənin quruculuğunda, binaların, məhəllələrin və interyerlərin layihələndirilməsində, nəhəng tikinti meydançalarında dövlət və özəl sifarişlərin icrasında uğurla çalışırlar.
Bu gün AzMİU-da 7 fakültədə 53 (27 bakalavr, 26 magistr) ixtisas üzrə 8000-dən yaxın tələbə təhsil alır. Bununla yanaşı, universitetdə Əcnəbi tələbələrin təhsili dekanlığı, Əcnəbi vətəndaşların hazırlığı və İxtisasartırma fakültələri, həmçinin AzMİU-nun nəzdində İnşaat Kolleci fəaliyyət göstərir. Ölkəmizin ən böyük ali təhsil müəssisələrindən biri sayılan universitetin tələbə həyatı da bir çox maraqlı məqamlarla zəngindir.
İnkişafa əsaslanan seçim – daha 2361 abituriyent AZMİU-nu seçib
AzMİU hər il olduğu kimi, bu tədris ilində də öz uğurları ilə seçilməyi bacarıb. Ötən illərə nisbətən universitetə qəbul olanların sayında artım müşahidə olunub. 2024/2025-ci tədris ili üzrə AzMİU-ya 2361 tələbə qəbul olub. Builki qəbulun nəticələrinə əsasən, AzMİU-nun ümumi qəbul planı 95,59% yerinə yetirilib. Belə ki, 2470 yerdən 2361-nə tələbə qəbulu həyata keçirilib. II, ixtisas qrupu üzrə 100%, I qrup üzrə isə 95,59% yerlər tutulub.
Son illər bu ali təhsil müəssisəsinə yüksək bal toplayan abituriyentlər daha çox maraq göstərirlər. Bu da öz növbəsində AzMİU-dakı inkişafın, tədrisdə və tələbə həyatında aparılan islahatların, tıtbiq olunan müsbət yeniliklərin nəticəsidir. Bu il 500 və daha yüksək balla AzMİU-ya qəbul olanların sayı keçən il ilə müqayisədə artıb. Onlardan dördü 600-dən çox bal yığan abtruyentlərdir.
Tərəfdaşlıq əlaqələri kadr yetişdirilməsi işinə töhfə verir
AzMİU ölkəmizdə fəaliyyət göstərən bir çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir. Uğurlu əməkdaşlığın nəticəsidir ki, son illər ərzində universitetdə bir çox profillər üzrə fəaliyyət göstərən laboratoriyalar və mərkəzlər fəaliyyətə başlayıb. Məhz belə əməkdaşlıqlar müxtəlif sahələr üzrə ixtisaslaşmış kadrların hazırlanması baxımından xüsusi əhəmiyyət kəsb edir. Dağ-mədən sahəsində ixtisaslaşmış kadrların hazırlanması istiqamətində “AzerGold” QSC, böyük tikinti layihələrini həyata keçirən və tikinti məhsulları istehsalı istiqamətində ixtisaslaşmış “Akkord”, dünya səviyyəsində ən böyük sement istehsalçısı “Holcim”, həmçinin “Paşa Holding”, “BP”, “Təmiz Şəhər Mərkəzi” kimi bir çox aparıcı müəssisələrlə daimi əməkdaşlıq edilir.
AzMİU “Böyük Qayıdış”ın bir parçası kimi
Azərbaycanın Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizdə “Böyük Qayıdış”ın təmin olunması istiqamətində mühüm işlər aparılır. İşğaldan azad edilmiş regionlarımızda yeni infrastrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində sürətli işlər görülür. Bu işlərin həyata keçirilməsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin yüksəkixtisaslı kadrları da əhəmiyyətli rol oynayır. Şərqi Zəngəzurda, xüsusilə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən tikinti-quruculuq işlərində AzMİU-nun müəllim və məzunları böyük əzm və ruh yüksəkliyi ilə çalışdı. Bunun nəticəsidir ki, ötən il AzMİU ilə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında memorandumlar imzalanıb. Memorandumda AzMİU müəllimlərinin və tələbələrinin, universitetin Layihə İnstitutunun əməkdaşlarının Şərqi Zəngəzur ərazisində böyükhəcmli tikinti-quruculuq layihələrinə cəlb olunması, AzMİU məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi, tələbələrin həmin ərazilərdə təcrübələrə cəlb olunması və digər bu kimi mühim məsələlər əks olunub.
Tədris obyektləri ilə əyani tanışlıq - ekskursiyalar
AzMİU-nun tələbə həyatı dolğun və rəngarəng keçir. Tədris olunan ixtisaslar tək nəzəriyə üzərində deyil, həm də təcrübə üzərində qurulur. Gələcəyin memar və mühəndisləri ixtisaslarına uyğun olaraq müəssisələrə ekskursiya edirlər. Onlar əyani olaraq maraq göstərdikləri bu müəssisələrdə iş prosesini izləyir, yeni texnologiyaları mənimsəyirlər. Gələcəyin memarları qoruqları, ölkə əhəmiyyətli tarixi abidələrlə tanış olur, aparılan bərpa işlərinə əyani şahidlik edirlər. Onların bu ekskursiyaları tələbələrin müasir texnologiyalarla tanış olması, daha ətraflı məlumat əldə etməsi məqsədi daşıyır.
Savad və bilik yeganə rəqabət amili kimi
Azərbaycan Memarlıq və İnşaat Universitetinə olan bu maraq heç də əsassız deyildir. Çünki iş prinsipi şəffaflıq və obyektivlik üzərində qurulan universitet gənclərin daim diqqət mərkəzindədir. AzMİU rəhbərliyi bu istiqamətdə mühüm işlər görür, mütərəqqi islahatlar aparır. Buna görədir ki, universitetdə təhsilin səviyyəsi ötən illərə nisbətən bir qədər də yüksəlib. Ən əsası tədris prosesində şəffaflıq və obyektivliyin tam təmin olunmasına nail olunub. İmtahan sessiyalarında ictimaiyyət üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və valideynlərin iştirakı təmin olunur. Onlar imtahan zamanı zalları gəzərək tələbələrin imtahan prosesini yaxından müşahidə edirlər. Artıq bir neçə ildir ki, imtahan sessiyalarını Elm və Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə rektor tərəfindən hər sessiya öncəsi müvafiq tənzimləyici əmr imzalanır. Əmrə əsasən, yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırılır. İmtahan biletlərinin çap olunması, qruplar üzrə komplektləşdirilməsi və nəzarət qrupuna təqdimatı, yoxlama prosesinə nəzarət, şifrələrin açılması və s. üzrə yaradılan işçi qrupuna bakalavriat və magistratura səviyyələri üzrə xüsusi təyin olunmuş məsul şəxslər rəhbərlik edirlər. Həmçinin rektorun əmrinə əsasən, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılır. İmtahan sessiyası dövründə birbaşa rektorun sədrliyi ilə yaradılmış Münaqişə komissiyasında imtahan bitdikdən sonra imtahanların nəticələri barədə onlayn şikayətlərə baxılır və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılır. Sözsüz ki, atılan bu addımlar tələbələri universitetə cəlb edən amillər kimi çıxış edir.
Yaradılan şərait və şəffaf mühit AzMİU tələbələri üçün savadı, biliyi yeganə rəqabət amilinə çevirib. Tələbələr öz biliklərinə güvənir, bu ali təhsil ocağında elmin dərinliklərinə yiyələnir və sonda ixtisaslı mütəxəssisə çevrilirlər.