“Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı”na dair Anlaşma Memorandumu imzalanıb
İyulun 31-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Atelier Erich Pummer” şirkəti arasında “Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı” haqqında Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu müvafiq olaraq AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə və “Atelier Erich Pummer” şirkətinin rəhbəri, bərpaçı-memar Erix Pummer tərəfindən imzalanıb.
Sözügedən proqramın məqsədi gənc bərpaçıların akademik, praktiki bilik və səriştələrinin artırılması, onlara beynəlxalq təcrübənin aşılanması məqsədilə tərəfdaşların səylərini birləşdirməkdir.
İmzalanmış üçtərəfli Anlaşma Memorandumuna əsasən tərəfdaşlar tərəfindən “Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı”nın iştirakçıları üçün İçərişəhərdə nəzəri və praktiki məşğələlərin tədrisi moduluna başlanılacaqdır. Tədris modulunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq abidələrinin bərpası və mühafizəsi” ikili diplom magistr dərəcəsi üzrə təhsil alan tələbələrlə yanaşı, Tarixi Abidələrin Bərpası Məktəbinin (Mak’TAB) dinləyiciləri də iştirak etmək imkanı əldə edəcəklər. Qeyd edək ki, Mak’TAB gənc bərpaçılara qabaqcıl bərpa metodlarının təlimi üzrə təcrübənin öyrədilməsini həyata keçirir.
Anlaşma Memorandumundan irəli gələn bu vacib əməkdaşlıq nəticəsində qarşıya qoyulan hədəf gənc bərpaçı milli kadr potensialının gücləndirilməsi, beynəlxalq tələblərə cavab verən yerli mütəxəssislərin yetişdirilməsi, eləcə də ölkənin zəngin tarixi-mədəni irsinin qorunması, xüsusilə işğaldan azad edilmiş Qarabağ bölgəsində aparılan bərpa işlərinə dəstək olmaq və töhfə verməkdir.
Qeyd edək ki, tarixi abidələrin bərpası şəhər mühitinin mədəni irsini qorumaqla bərabər, urbanizasiya prosesinə də müsbət təsir edir. Həmçinin turizm və yerli iqtisadiyyatın inkişafı üçün tarixi abidələrin bərpası yeni iş yerləri də yaradır.