Ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında şəbəkələşmə görüşü keçirilib
Ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında növbəti şəbəkələşmə görüşü baş tutub.
İyulun 13-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında növbəti şəbəkələşmə görüşü baş tutub. Görüşün məqsədi ali təhsil müəssisələrinin reytinq komandaları arasında əməkdaşlığın gücləndirilməsi olub.
Görüşdə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova beynəlxalq reytinqlərdə iştirakın ali təhsil müəssisələrinin beynəlxalq nüfuzunun artırılması üçün yaratdığı imkanları, əldə olunmuş nailiyyətləri və qarşıda duran hədəfləri qeyd edib.
Daha sonra Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələrin idarə olunması sektorunun müdiri Zülfiyyə Şəfiyeva 2024-cü ilin I yarımili ərzində görülmüş işlər barədə təqdimatla çıxış edib. Eyni zamanda, görüş çərçivəsində profayler və insan davranışları üzrə mütəxəssis Təbriz Hacınski tərəfindən iştirakçılar arasında birgə fəaliyyəti təşviq edən interaktiv komanda oyunları təşkil olunub.
Qeyd edək ki, komanda quruculuğu məqsədilə təşkil olunmuş görüşdə 30-a yaxın ali təhsil müəssisəsinin nümayəndəsi, o cümlədən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə iştirak edib.