Elmi Şuranın son iclasında əsas müzakirə mövzusu yaz semestrinin imtahan sessiyasının yekunları olub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının 2023/2024-cü tədris ilində son iclası keçirilib.
İclası açıq elan edən Elmi Şuranın sədri, rektor professor Gülçöhrə Məmmədova gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Gündəlik şura üzvləri tərəfidən təsdiq olunduqdan sonra universitetin Tədris işləri üzrə prorektoru professor Akif Qasımov “2023/2024-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının ilkin yekunları” barədə geniş təqdimatla çıxış edib.
Prorektor qeyd edib ki, yaz semestrinin imtahan sessiyası AzMİU-da mövcud əsasnamələrə uyğun olaraq yüksək səviyyədə təşkil edilib. Universitet rəhbərliyi tərəfindən verilən müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər zamanında və nizamla yerinə yetirilib. İmtahan prosesinin obyektiv keçirilməsi və tələbələrin biliklərinin hərtərəfli yoxlanılması üçün şərait yaradılıb. Həmçinin imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədi ilə Apellyasiya Komissiyası və “Qaynar xətt” təşkil edilib, hər korpusda şikayət qutuları yerləşdirilib.
Hesabatda cari ilin tədris prosesi, payız və yaz semestri imtahanlarının təşkili, fakültə və kurslar üzrə kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı əsas məqamlar da yer alıb. Tədris prosesində yeniliklər, əldə olunan uğurlar nəzərə çatdırılıb.
Geniş və əhatəli hesabatdan sonra Elmi Şura üzvləri və tədrislə bağlı müvafiq struktur rəhbərlərinin məruzə ilə bağlı fikirləri dinlənilib, müvafiq qərarlar qəbul edilib.
Prorektorun çıxışından sonra Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, Elmi Şuranın qərarlarının yoxlanılması komissiyasının sədri professor Nurməmməd Məmmədovun hesabatı dinlənilib. Professor Nurməmməd Məmmədov “Elmi Şuranın 2023/2024-cü tədris ilinin dekabr-aprel aylarında qəbul edilmiş qərarlarının icrası” barədə danışıb. Hesabatda qeyd olunan aylarda qəbul edilən qərarların icra vəziyyəti ilə bağlı məlumatlar yer alıb. Görülən işlər Elmi Şura üzvlərinin diqqətinə çatdırılıb. Sonra cari məsələlərə keçilib.
İclas Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Kibertəhlükəsizlik magistr proqramı, Biznes və data analitika, İdarəetmədə informasiya texnologiyaları MBA proqramları üzrə tədris planlarına dəyişikliklər ətrafında müzakirələrlə davam edib. Eyni zamanda Geomatika kafedrasının professoru Eldar Qurbanov tərəfindən təqdim olunmuş “Arid şəraitdə suvarılan torpaqların deqradasiyası və münbitliyinin idarə edilməsi (Kür-Araz ovalığı timsalında)” adlı monoqrafiyaya qrif verilməsi məsələsinə də baxılıb və müsabiqə işləri yerinə yetirilib.