AzMİU-da “TCS” şirkətinin tərəfdaşlığı ilə yeni layihəyə start verilir
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “TCS” şirkətinin rəhbərliyi ilə görüş keçirilib.
Dəyirmi masa arxasında gerçəkləşən görüşdə universitetin Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, Keyfiyyət təminatı və monitorinq mərkəzinin müdiri Könül Ağayeva, Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə, Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Rövşən Quliyev, Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Ruhəngiz Əliyeva iştirak edib.
“TCS” şirkətinin təsisçisi və direktoru Anar Məlikov ilk dəfə AzMİU-da təşkil etmək istədikləri beynəlxalq səviyyəli “Keyfiyyət/İdarəetmə” təlim kursları barədə ətraflı məlumat verib. Layihənin universitetdə bu sahədə tədris aparan müəllimlərin beynəlxalq sertifikatlı mütəxəssis səviyyəsinə çatdırılması istiqamətində uğurlu addım olacağını qeyd edib. Eyni zamanda tələbələrə də verəcəyi faydalı tərəflərə toxunub.
Təklif olunan layihənin ilkin müzakirəsi zamanı bir neçə istiqamətdə fikir mübadiləsi aparılıb. Müzakirələrdə şirkətin peşəkar mütəxəssisləri tərəfindən keçirilməsi nəzərdə tutulan təlimlərin detalları dəyərləndirilib, həmçinin rəy və təkliflər səsləndirilib. Təlimlərin universitetin 2 kafedrasında keyfiyyətin idarəedilməsi fənnindən dərs aparan müəllimlərin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının gözləntilərinin qarşılanması, keyfiyyət mütəxəssislərinin çatışmazlığını aradan qaldırmaq istiqamətində önəmi vurğulanıb.
Gəlinən qarşılıqlı razılığa əsasən, Strateji planlaşdırma şöbəsinin təşkil edəcəyi kursları AzMİU-nun partnyor şirkəti olan “TCS” şirkətinin yüksəkixtisaslı mütəxəssisləri aparacaq. Layihə müddətində müəllimlər kurslardan yararlanacaq və yekunda beynəlxalq sertifikat imtahanı verəcək. Və həmin sertifikatdan sonra müəllimlərimiz beynəlxalq səviyyəli müəllim sayılacaq.
Qeyd edək ki, “TCS” şirkəti ilə AzMİU arasında aparılan ilk layihə deyil. Bundan öncə universitetin müvafiq ixtisasları üzrə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) dərslərində müəyyən boşluqlar nəzərə alınaraq AzMİU öz müəllimlərini şirkətin təşkil etdiyi beynəlxalq kurslara cəlb edib. Layihə müddətində müəllimlərimiz bu kurslardan yararlanıb və yaxın günlərdə kursları müvəffəqiyyətlə başa vurduqları üçün onlara sertifikatlar təqdim olunacaq.