AzMİU-nun müəllim və əməkdaşları TKT imtahanının III mərhələsində iştirak ediblər


Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə (AzMİU) DİM-in nəzdində olan Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu arasında bağlanmış müqaviləyə əsasən Əcnəbi dillər kafedrasının ingilis dilini tədris edən 25 müəllimi xarici dil tədrisi kvalifikasiyalarından biri olan “Teaching Knowledge Test”in (TKT) üçüncü modulu üzrə imtahanında iştirak ediblər.

Bildirək ki, TKT tərəfindən müəllimlərin tədris bilik və bacarıqlarının inkişafını əhatə edən 3 əsas modul təklif olunur:

TKT: Modul 1 – Dil tədrisinin əsasları
Dil tədrisinin və öyrənilməsinin əsaslarını başa düşməyə diqqət yetirir.
TKT: Modul 2 – Dil tədrisinin planlaşdırılması və resurslardan istifadə
Dərslərin planlaşdırılmasının və tədris resurslarından səmərəli istifadənin vacibliyini vurğulayır.
TKT: Modul 3 – Tədris və Təlim Prosesinin İdarə Edilməsi
Sinfi idarəetmə üsulları və qiymətləndirmə strategiyaları üzərində cəmləşir.

Yekunda TKT imtahanını uğurla keçmiş müəllimlər The Cambridge universitetinin bir hissəsi olan Cambridge ESOL tərəfindən təqdim olunan beynəlxalq səviyyəli sertifikatlar əldə edirlər. 

Bu layihə universitetdə Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə baş tutub. Hər modul üzrə keçiriləcək imtahandan əvvəl Əcnəbi dillər kafedrasının müəllimlərinə həmin kafedranın müəllimləri Leyla Cumayeva və Rəna Məmmədova tərəfindən bir ay müddətində təlimlər keçirilib. 

TKT – Teaching Knowledge Test (Tədris Bilik və Bacarıqları üzrə Test) kimlər üçün uyğundur?

Beynəlxalq səviyyədə ixtisaslaşmaq üçün təcrübələrini təsdiqlətmək istəyən, tədris bacarıqlarını müasir metodlara uyğunlaşdıraraq karyera imkanlarını genişləndirmək istəyən dil daşıyıcısı olmayan ingilis dili müəllimləri üçün yaradılmış fürsətdir.

TKT imtahanı bir neçə moduldan ibarətdir və hər bir müəllim öz istək və ehtiyacına uyğun modulu seçərək imtahanda iştirak edə bilər. Hər modul üzrə uğurla verilmiş imtahandan ayrıca sertifikat əldə olunur.

TKT sertifikatının əsas üstünlükləri

- Çeviklik: müəllimlər fərdi öyrənmə təcrübəsinə imkan verən bir və ya bir neçə modulu istənilən qaydada öyrənə bilərlər.
- Beynəlxalq tanınma: TKT bütün dünyada təhsil müəssisələri və işəgötürənlər tərəfindən tanınır və karyera perspektivlərini artırır.
- Peşəkar inkişaf: müəllimlərə yüksək keyfiyyətli ingilis dilinin tədrisini təmin etmək üçün bilik və bacarıqlar təqdim edir.

Qeyd edək ki, iyunun 29-da keçirilmiş imtahan sonuncu mərhələ idi. I modul üzrə imtahan fevral ayının 24, II üzrə isə mart ayının 16-sı keçirilmişdir. III modul üzrə keçirilmiş imtahanın cavabları 5 həftə sonra onlayn şəkildə açıqlanacaq, 6 həftə sonra isə sertifikatlar təqdim olunacaq.
 

01-07-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]