AzMİU-da “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri” (MPMMA 2024) adlı beynəlxalq konfrans yekunlaşıb


Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri” (MPMMA 2024) adlı beynəlxalq konfrans öz işini yekunlaşdırıb. Elm və innovasiyalar üzrə prorektor professor Nigar Aslanovanın moderatorluğu ilə açılışı olan plenar sessiyanı Almaniyadan dəvət olunan tanınmış alim, Humboldt Fondunun mükafatına layiq görülmüş yeganə Azərbaycanlı alim, professor Məsud Əfəndiyev davam etdirib. 

Konfransın plenar iclasında 2015/2018-ci illərdə Avropa Riyaziyyat cəmiyyətinin sədri vəzifəsində çalışan, Spektral nəzəriyyədə xüsusi töhfələri olan çexiyalı alim Pavel Exner, İtaliyanın Sapienza Universitetinin professoru Massimo Grossi, Azərbaycan riyaziyyatçıları ilə çox sıx əməkdaşlıqları olan Serbiyanın ən nüfuzlu riyaziyyatçı alimlərindən, topologiya sahəsində xüsusi töhfələri olan Nis Universitetinin fəxri professoru Lyubisa Kochinack, Tokionun Çuo Universitetində kafedra müdiri vəzifəsində çalışan professor Yoşihiro Sawano, Gürcüstan Riyaziyyat Cəmiyyətinin sədri Alexsandr Mexsi, Türkiyə Mexanikalar Cəmiyyətinin sədr müavini Abdulla Avey kimi dünya şöhrətli alimlərin çıxışları dinlənilib. 

Ümumilikdə konfransa 123 tezis qəbul edilib ki, onlardan 58-i Çin, Cənubi Afrika Respublikası, Rusiya, Avstriya, İngiltərə, Türkiyə, Qazaxıstan, Özbəkistan, Malayziya, Ukrayna, İran və s. kimi xarici ölkələrin mütəxəssislərinin olub.  

Konfransın bağlanış mərasimində N.Aslanova konfransda həm fundamental tədqiqatlar, həm də tətbiq aspektləri ilə məşğul olan müxtəlif ölkə alimləri tərəfindən təqdim olunan elmi məruzənin  dəqiq elmlərin inkişafı fonunda xüsusi diqqətə layiq olduğunu bildirib. Konfransın işini yüksək qiymətləndirən prorektor qeyd edib ki, səsləndirilən məruzələrdə dəqiq elmlərin təhsil, idarəetmə, proqnozlaşdırma və digər sahələrdə tətbiqi və mövcud problemlərin aradan qaldırılması istiqamətində maraqlı fikirlər səsləndirilib. 

N.Aslanova Azərbaycanın müxtəlif sahələr üzrə xarici ölkələrlə qarşılıqlı elmi-praktiki əməkdaşlıqlar qurmaq üçün potensiala malik olduğunu qeyd edib. Ölkənin qabaqcıl qurumlarının, o cümlədən AzMİU-nun fəal işgüzar əməkdaşlığa hər zaman hazır olduğunu bildirib, xarici ölkə mütəxəssisləri ilə səmərəli qarşılıqlı əlaqələrin bir çox mühüm tətbiqi problemlərin həllinə yönəlmiş fundamental tədqiqatlara zəmin yaradacağına əminliyini ifadə edib.

Çıxışının sonunda konfransın təşkil olunmasında göstərilən dəstəyə görə həmtəşkilatçılara öz təşəkkürünü bildirib. 

Daha sonra bölmə rəhbərləri Alexander Meskhi, Kamil Aidazadə, K.Ospanov, Murat Sarı, Vaqif Quliyev, Elina Şişkina, Bilal Bilalov və digərləri çıxışlarında dəqiq elmlərin aktual problemlərini və gələcək perspektivlərini nəzərdən keçirən konfransın önəmini qeyd edib, qarşıda duran hədəfləri diqqətə çatdırıblar.
 

24-06-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]