Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi olmaq istəyən məktəblilər imtahan veriblər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində Fizika-Riyaziyyat Təmayüllü Liseydə VII, VIII, IX, X siniflərdə təhsil almaq istəyən şagirdlər üçün qəbul imtahanı keçirilib.
Qəbul imtahanı VII və VIII siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə, IX və X siniflər üçün isə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən keçirilib.
Test tapşırıqları VII sinfə qəbul üzrə Azərbaycan dili fənnindən 20, riyaziyyat fənnindən 30 sual olmaqla cəmi 50, VIII sinfə qəbul üzrə Azərbaycan dili fənnindən 25, riyaziyyat fənnindən 35 sual olmaqla cəmi 60, IX-X sinfə qəbul üzrə isə Azərbaycan dili fənnindən 20, riyaziyyat fənnindən 20, fizika fənnindən 20 sual olmaqla cəmi 60 sualdan ibarət olub. Ümumilikdə 2 saat vaxt ayrılıb.
İmtahan nəticələri yaxın günlərdə açıqlanacaq. Növbəti qəbul imtahanı isə avqust ayında təşkil olunacaq.