Alimimiz İtaliyada keçirilən beynəlxalq konfransda AzMİU-nu təmsil edib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMiU) Zəlzələ Mühəndisliyi Elmi Tədqiqat Mərkəzinin rəhbəri, rektorun müşaviri professor Azər Qasımzadə İtaliyanın Turin şəhərində keçirilən Davamlılıq, Zəlzələ Mühəndisliyi və Struktur Sağlamlığın Monitorinqi üzrə 3-cü beynəlxalq konfransda (ICONREM 2024) iştirak edir.
24-28 iyun tarixlərində gerçəkləşən konfrans dünyada son illər artan qasırğa, zəlzələ, sunami və s. kimi təbii fəlakətlər fonunda dağıdıcı təsirin azaldılması və infrastruktur sistemlərin kövrəklik problemlərinə həll yolları axtarır.
Konfrans bu məqsədlə mövzu haqqında məlumatlılığı artırmaq və kritik infrastrukturların interfeysində və dayanıqlığın iqtisadi və sosial təsirində yeni paradiqmaları inkişaf etdirə biləcək strategiyalar təklif edir.
Dünya alimlərini bir araya toplayan beynəlxalq tədbirdə AzMİU-nun alimi “Hündürmərtəbəli binalar üçün tətbiq edilən xüsusiyyətlərə əsaslanan yeni seysmik layihələndirmə kriteriyası” mövzusunda məruzə ilə çıxış edib. Peşəkar akademik tədqiqatçılar, alimlər, mühəndislər və sektor mütəxəssisləri ilə konfransın mövzusuna uyğun olaraq bilik və təcrübələrini bölüşüb, birgə fikir mübadiləsi aparıb.
Bildirək ki, konfransın sessiyaları Turində müasir görüş imkanları olan Castello del Valentinoda və növbəti sessiyalar Maggiore gölündə yerləşən Brüssel və Lüksemburqda olub.
Sonuncu sessiya isə 27-28 iyun Avropa Komissiyasının İspradakı Birgə Araşdırma Mərkəzində keçiriləcək. İştirakçılar burada mövzu ilə bağlı elmi müzakirələri davam etdirərək problemlərə çıxış yolları axtaracaqlar.
Qeyd edək ki, professor Azər Qasımzadə səfər çərçivəsində, həmçinin Turin Politexnik Araştırma Mərkəzinin nümayəndələri ilə görüşəcək. Görüşdə AzMİU ilə Turin Politexnik Araştırma Mərkəzi arasında müqavilə də imzalanacaq.
Müqavilə hər iki tərəf üçün qarşılıqlı maraq doğuran bütün sahələrdə akademik, elmi və mədəni əməkdaşlığın yaradılmasını nəzərdə tutur.