Təbliğat-təşviqat qrupu Cəlilabad, Masallı, Lənkəran, Astara rayonlarının məktəbliləri ilə görüşüb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təbliğat-təşviqat qrupu bu dəfə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Cəlilabad, Masallı, Lənkəran, Astara rayonlarının ümumtəhsil məktəblərinə ezam olunublar.
Universitetin Təbliğat-təşviqat qrupunun üzvləri Mexanika və informasiya texnologiyası (MİT) fakültəsinin dekanı Sabir Məmmədov, dekan müavini Seymur Mikayılov yuxarı sinif şagirdləri ilə ünsiyyətdə olub, AzMİU barədə onları məlumatlandırıblar.
Region məktəbliləri ilə görüşlərdə universitetimizdə tələbələrə yaradılan şəraitdən danışılıb, memarlıq, inşaat və mühəndislik yönümlü ixtisasların üstünlükləri, perspektivləri, karyera məsələlərinə aydınlıq gətirilib. Universitetə qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan əsas göstəricilər, eyni zamanda ikili diplom proqramları və müraciət qaydaları, ixtisaslar üzrə ölkə daxili və xarici təcrübə şanslarından da söhbət açılıb.
Görüş zamanı AzMİU-nun tanıtım videoçarxı təqdim olunub, ixtisas seçimində çətinlik çəkənlərə əməkdaşlarımız tərəfindən dəyərli məsləhətlər verilib.
Yekunda danışılan məsələlərlə bağlı abituriyentlərin sualları cavablandırılıb, zalda əyləşən şagirdlərə universitet haqqında məlumatların əks olunduğu bukletlər paylanılıb.