AzMİU Tailandda keçirilən “Qlobal Davamlı İnkişaf Konqresi”ndə təmsil olunur
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşəbbüsü ilə 10-13 iyun tarixlərində Tailand Krallığının paytaxtı Banqkok şəhərində keçirilən “Qlobal Davamlı İnkişaf Konqresi”ndə təmsil olunur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə AzMİU da daxil olmaqla 10 ali təhsil müəssisəsi (“ADA” Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Naxçıvan Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti) bu konqresə qatılıb.
Universitetimizi mötəbər tədbirdə İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov və Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə təmsil edir. Onların konqresdə iştirakı universitetimizin dayanıqlı inkişafa və beynəlxalq əməkdaşlığa sadiqliyini nümayiş etdirməkdə mühüm rol oynayır.
AzMİU üçün xüsusi ayrılmış pavilyonda nümayəndələrimiz tərəfindən qonaqlara universitetimiz barədə ümumi məlumatlar verilib. Bunlar arasında dünyanın nüfuzlu təşkilatları ilə qurulan sağlam əməkdaşlıq əlaqələri, universitetin beynəlxalq reytinq bazalarında təmsil olunması, gələcək hədəfləri, ixtisaslar, fakültələr, ikili diplom və mübadilə proqramları diqqətə çatdırılan əsas məqamlardan olub.
Tədbir boyu nümayəndələrimiz çoxsaylı müzakirələr və sessiyalarda iştirak edərək AzMİU-da aparılan innovativ layihələri və tədqiqatları səmərəli şəkildə işıqlandırıblar. Onlar digər iştirakçılarla əlaqələr quraraq, əməkdaşlıq və mübadilə ruhunu gücləndiriblər. Rəsmi sessiyalarla yanaşı, tədbir zamanı yaranmış əlaqələr əsasında bir sıra universitetlərin nümayəndələri ilə şəxsi görüşlər də keçirilib.
Xatırladaq ki, Banqkokda gerçəkləşən konqres davamlılıq böhranının təcili həll yollarını araşdırmaq üçün qlobal düşüncə liderlərini və yenilikçiləri bir araya toplayır. Konvensiyalı yanaşmalara meydan oxumaqla, konqres ali təhsil müəssisələrini, hökumətləri, biznesləri və cəmiyyəti Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) nail olmaq üçün təhsil, tədqiqat, innovasiya və təbliğat proqramlarını yenidən istiqamətləndirməyə sövq etmək məqsədi daşıyır.
Dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovatoru bir araya toplayan tədbirdə “Davamlı inkişaf” ilə bağlı müzakirələr aparılır. Konqresdə, həmçinin universitetləri SDG-lərə qarşı qiymətləndirən yeganə qlobal fəaliyyət cədvəli olan “Times Higher Education” (THE) 2024-ün eksklüziv canlı nümayişi, ardınca nümayəndələr üçün canlı sual-cavab sessiyası da daxil edilib.
Eyni zamanda, THE beynəlxalq reytinq agentliyi tərəfindən universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələri rəsmi elan ediləcək.
Məlumat üçün qeyd edək ki, AzMİU-nun konqresdə iştirakının əsas nəticələrindən biri dünyanın hər yerindən olan universitetlərlə sıx əməkdaşlığın formalaşdırılması olub. Bu tərəfdaşlıqlar universitetimizin təhsil və tədqiqat mənzərəsini zənginləşdirərək, akademik proqramların və məqalələrin mübadiləsini asanlaşdırmaq məqsədi daşıyır.