AzMİU-nun İnşaat Kollecində Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirici görüş keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022/2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində dövlət qurumlarında korrupsiyaya qarşı mübarizə istiqamətində məlumatlandırma və maarifləndirmə xarakteri daşıyan görüş keçirilib.
Dəyirmi masa ətrafında gerçəkləşən görüşdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Kamil Kamilli, İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev, Kollecin pedaqoji heyəti və tələbələr iştirak ediblər.
İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev qonağı salamlayıb və respublikamızda şəffaflığın yaradılması istiqamətində görülən işlərə diqqət çəkib. Bu işlərdə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rolunu xüsusi vurğulayıb. Mövzu ilə bağlı peşəkar fikir və tövsiyələrin verilməsi üçün sözü idarənin əməkdaşı Kamil Kamilliyə verib.
İdarənin əməkdaşı mövzu ilə bağlı geniş və əhatəli məlumatlar təqdim edib. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyət istiqamətləri, strukturu barədə slaydlar nümayiş etdirib. Korrupsiya sahəsində son dövrlər aparılan islahatların nəticəsində əvvəlki dövrlərə nisbətən xeyli irəliləyişlərin əldə olunduğunu, əhalinin bu sahədə maariflənməsi yönümündə ciddi işlərin görüldüyünü söyləyib. Çalışdığı Təşkilati və informasiya təminatı idarəsinin ümumi fəaliyyətinə nəzər yetirib. Qeyd edib ki, idarənin funksiyalarına korrupsiya hüquq pozmalarına dair məlumatların təhlili, Baş İdarənin Reqlamentinin icrasına nəzarət, hesabatların hazırlanması, Korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazasının, “Qaynar xətt” əlaqə mərkəzinin işini təşkil etmək, metodiki tövsiyələrin hazırlanması, qanunvericiliyin sistemləşdirilməsi, beynəlxalq əlaqələr, mətbuata məlumatların hazırlanması və digər məsələlər daxildir.
Sonra qonaq təhsil müəssisələrində gələcəkdə korrupsiya halları baş verəcəyi istiqamətlərdə qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu işlərin zamanında yerinə yetirilməsi həmin müəssisələrin idarəçilik keyfiyyətlərindən asılıdır.
Görüş çoxsaylı suallarla davam edib, tədbir iştirakçıları Kamil Kamilliyə “rüşvəti yaradan səbəblər”, “vəzifəsindən sui-istifadə halları”, “dövlət əmlakının mənimsənilməsi”, “işə məsuliyyətsiz yanaşmalar” kimi müxtəlif səpkidə suallar ünvanlanıb. Bütün sualları ətraflı şərh edən idarə əməkdaşı iştirakçıları qane edən izahlar verib.
Yekunda çıxış edən Kollecin şöbə müdiri Sevinc İsmayılova işgüzar bir şəraitdə keçirilən görüşdə suallara verdiyi hüquqi əsaslandırmaya görə qonağa öz təşəkkürünü bildirib.