AZMİU-nun akademik heyəti Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) bir qrup müəllimi Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və quruculuq işləri ilə tanışlıq üçün əraziyə səfər ediblər.
Universitet əməkdaşları Cəbrayıl rayonunun Horovlu kəndindəki evlərin tikintisi, vaxtilə burda olan kəhrizlərin bərpası ilə bağlı məlumatlandırılıblar. Bu təhsil müəssisəsinin yetirməsi olan, hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində çalışan inşaat mütəxəssisləri ilə görüşərək fikir mübadiləsi aparıblar. Qonaqlar həmçinin Zəngilan rayonunun Ağalı kəndi, Ağalı Hoteli, Ağalı kəndində elektrik enerjisi istehsal edən “Arximed” qurğusu, Zəngilan şəhər məscidi və Zəngilan Konqres Mərkəzi ilə tanış olublar.
Qeyd edək ki, bu səfər AzMİU və Xidmət arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib. Memoranduma əsasən, universitetin tələbələri də Xidmətdə təcrübə proqramında iştirak ediblər.