“Tələbat”, “Tələbə Art”, yaxud da “Tələb Art”: Adı kimi özü də çoxmənalı və rəngarəng olan sərgi – REPORTAJ


“Tələbat”, “Tələbə Art”, yaxud da “Tələb Art” – Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən sərginin əsərləri kimi adı da çox spektrli, çoxmənalı və anlamlı idi. 

Azərbaycan-Sovet memarlığının banilərindən biri, bu gün qürurla tarixindən bəhs etdiyimiz memarlıq ali təhsilimizin ilk yetirmələrindən olan Sadıq Dadaşovun layihəsi əsasında 1935-ci ildə inşa edilən və universitetimizdə “Memarlıq korpusu” kimi tanınan 3 saylı tədris binasında başqa ab-hava yaranmışdı. Yeri gəlmişkən, artıq o binada Memarlıq fakültəsi ilə yanaşı Dizayn fakültəsi də yerləşir. Uzun illər Memarlıq fakültəsinin nəzdində tədris olunan dizayn ixtisasları yeni yaradılan Dizayn fakültəsinin tərkibinə verildi və beləcə memarlığı, əsaləti, gözəlliyi və hekayələri ilə şöhrət qazanan tədris binasında iki fakültə fəaliyyət göstərməyə başladı. 

“Memarlıq korpusu”ndan söz açılmışkən bir məqama da toxunmaq istərdim – Bu bina sanki ölkəmizi, xüsusilə Bakını xatırladır. Binanın bir tərəfi Azərbaycan-Sovet memarlığının, digər tərəfi isə müasir memarlığın nümunəsidir. Addımlayan zaman elə bil, bir bina ilə keçmişdən gələcəyə doğru yolçuluğa çıxırsan. Əlbəttə ki, binanın interyer dizaynı bu yolçuluğu daha da maraqlı edir – divarlardan asılan layihələr, məşhur memarların portretləri, şəhərsalma planları, qapısı açıq auditoriyalar, işıqlı foyelər və təsadüfən qarşılaşdığın gülərüz professor-müəllim heyəti. 

Heç şübhəsiz, tədris binasının gözəlliyini görüb, hiss edib onu sözlərlə tam təsvir etmək mümkün deyil. Çünki bura “Memarların Yuvası”dır. Onlar elə bir mühit yaradıblar ki, baxan anlatmağa ehtiyac duymur, sadəcə seyr edir, hiss etdiyi gözəlliyi özünə saxlamağa, bundan həzz almağa çalışır. 

Elə isə biz də binanın və onun ruhunun gözəlliyini özümüzə saxlayaq, fırçanın yaratdığı rənglər qarşısında solğun qalan sözlərimizlə sərgini anlatmağa çalışaq. 

Sərgi haqqında ilk təəssürat çox qəribə oldu. Adama elə gəlirdi ki, tələbələr əsərləri ilə birgə möcüzəli ruhlarını da molbertlərin üzərində sərgiləyirlər. Həmin gün sərginin açılış mərasiminə kimi hər kəs ya “Tələbat”dan, ya “Tələbə Art”dan, ya da ki “Tələb Art”dan danışırdı. Biri rəsimlərin gözəlliyindən, rəngarəngliyindən, digəri tədris binasının dəhlizinə dolmuş sakitlik, dinclik, rahatlıq harmoniyasından bəhs edirdi. 

Çox keçmədi ki, sərginin açılış mərasiminin vaxtı gəlib çatdı, amma bu hiss olunmadı. Çünki hər kəs açılışdan öncə oraya axışırdı. Bəlkə də bu universitetdə xüsusi səbəbdən dolayı açılışı gecikən yeganə sərgi idi. Adətən sərgilərdə qonaqların sərgi yerinə gəlişi gözlənilir. Burada isə hərə bir əsərin önündə dayanmışdı, təşkilatçılar onları dünyalarından, müəlliflərlə yaradıcı söhbətlərindən ayırmaq istəmirdi. 

İşlər müxtəlif qaydada təqdim olunurdu və bu təcrübə sərgini daha da rəngarəng etdi. Sketçlər, rəsmlər, sürətli rəsmlər və akvarellər rəngli kağız üzərində yerləşdirilmişdi. Hətta şarj və karikaturalar, təbəssüm yaradan rəsmlər rəng çalarları ilə seçilmişdi. Tədris proqramına uygun olan həndəsi fiqurlardan təfəkkürlə yığılan konstruktiv kompozisiyalar isə molbertlərin üzərində nümayiş olunurdu. Arakəsmələrin üzərinə çoxsaylı ev işləri asılmışdı. Dəhliz boyu molbertlərin üzərində izləyicilərin ruhunu oxşayan əsərlər isə yağlı boya işləri idi. 

Təsviri İncəsənət kafedrasının təşkilatçılığı ilə keçirilən sərgi Dizayn və Memarlıq fakültələri tarixində heç şübhəsiz ki, ən geniş və çoxşaxəli sərgi oldu. Ekspozisiyada çoxsaylı keyfiyyətli sketçlər, akvarel, yağlı boya, akril, qrafikalar və yeni dərs proqramına aid olan rəsm və rəng işləri nümayiş olundu. 

Keramik boşqablarda xüsusi boya ilə işlənmiş əl işləri də qonaqların diqqətin cəlb edib. 

Sərgidə diqqət çəkən digər məqamlardan biri isə fakültələrin doğmalığı, harmoniyası idi. Dizayn fakültəsinin tələbələrinin işləri çoxluq təşkil etsə də, ayrıseçkilik hiss olunmurdu. Memarlıq fakültəsinin müəllimləri elə sevincli görünürdülər ki, heç kim müəllif tələbələrin hansı fakültədə oxuması ilə maraqlanmırdı. 

Açılış mərasimində ilk çıxış edən, tələbələri təbrik edən, onlara xeyir-dua verən də Memarlıq fakültəsinin müəllimi, dekan professor Zahidə Məmmədova oldu. Zahidə xanım sərginin əhəmiyyətindən danışdı və tələbələrin fərdi inkişafına verdiyi töhfəyə diqqət çəkdi. 

Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov isə gələcək böyük sərgilərin, tələbələrin daha böyük auditoriyalara təqdim ediləcəyinin anonsunu verdi. 

Təsviri İncəsənət kafedrasının müdiri Pərviz Cəfərov tələbələrin yaradıcılıq qabiliyyəti, onların yaradıcılıq meyillərindən, əcnəbi dillər kafedrasının müdiri dosent Aygün Məmmədova isə tələbələrin, fakültələrin təşəbbüsünün nəcibliyindən danışdı. 

Sərgi dizayn ixtisaslarına qəbul zamanı rəsmdən qabiliyyət imtahanı ilə bağlı tərəddüdləri də yox etdi. Bildiyimiz kimi, AzMİU-dan fərqli olaraq bəzi universitetlərdə dizayn ixtisaslarına qəbul zamanı rəsmdən qabiliyyət imtahanı tələb olunmur. Dizayn fakültəsinin professor-müəllim heyətinin fikrincə, qabiliyyət imtahanı vacibdir. Onlar hesab edirlər ki, dizayner mütləq rəsm çəkməyi, düşüncələrini təsvirə çevirməyi bacarmalıdır. Bu bacarıq onun zövqünün formalaşmasına, inkişafına da güclü təsir edir. 

Biz sərgi haqqında öz təəssüratlarımızı paylaşdıq. Sərgidəki əsərləri, təsvirləri anlamağı isə təşkilatçıların sərginin adında apardığı söz oynunun məqsədində olduğu kimi Sizin ixtiyarınıza buraxırıq.

Müəllif: Nicat Abdullayev

Fotoqraf: Əhməd Hüsüzadə
 

04-06-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]