Milan Texniki Universitetinin nümayəndələri AzMİU-da
İtaliyanın Milan Texniki Universitetinin (POLİMİ) Memarlıq, Ətraf mühit və inşaat mühəndisliyi kafedrasının dosenti Nora Lombardini, Memarlıq və Şəhərsalma Mərkəzinin beynəlxalq əlaqələr üzrə nümayəndəsi Cristina Agazzi və Beynəlxalq əlaqələr və mübadilə üzrə mütəxəssis Magdalena Setlak Avropa Birliyinin Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.
Bu ziyarət, hər iki universitet arasında mövcud əməkdaşlığın gücləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil edilib.
İtaliyalı nümayəndələr AzMİU ilə tanış olaraq, universitetin müxtəlif fakültələri və kafedralarını gəzib, tədris və tədqiqat prosesləri ilə yaxından tanış olublar. Onlar Beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva, Şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə və digər universitet nümayəndələri ilə görüşlər keçiriblər.
Görüşlər zamanı memarlıq sahəsində həyata keçirilən ikili diplom proqramının gedişatı müzakirə olunub və bu proqramın təkmilləşdirilməsi üçün fikir mübadiləsi aparılıb. Şəhərsalma ixtisasında yeni ikili diplom layihəsinin mümkünlüyü barədə danışılıb. Hər iki tərəf bu sahədə əməkdaşlığın genişləndirilməsi və tələbələr üçün daha çox imkanlar yaradılması istiqamətində konkret addımlar atmaq niyyətində olduqlarını ifadə ediblər.
Qonaqlar İtaliya Dizayn Mərkəzində növbəti tədris ilindən etibarən ikili diplom və Erasmus proqramları çərçivəsində Milan Texniki Universitetində təhsil alacaq AzMİU tələbələri ilə görüşüblər.
Görüşdə tələbələrə Milan Texniki Universitetində təhsil barədə ətraflı məlumat verilib, təhsil proqramları və tələbələrin qarşılaşa biləcəyi imkanlar barədə təqdimatlar edilib.
Qeyd edək ki, AzMİU və Milan Texniki Universiteti arasında uzun illərdir davam edən aktiv əməkdaşlıq, hər iki universitetin təhsil və tədqiqat sahəsində təcrübə mübadiləsini təmin edir. Bu əməkdaşlığın nəticəsi olaraq, dizayn ixtisası üzrə bakalavriat, memarlıq və abidələrin bərpası sahəsində magistratura səviyyəsində ikili diplom proqramları həyata keçirilir. Bu proqramlar, tələbələrə beynəlxalq səviyyədə tanınmış diplom əldə etmək və müxtəlif ölkələrdə təhsil almaq imkanları yaradır.