Alimlərimiz “Rəqəmsal Transformasiya: Problemlər və Həllər” (DTPS-2024) adlı elmi-praktiki konfransda iştirak ediblər


Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun elmi-praktiki əməkdaşı olan SİNAM MMC-nin 30 illik yubileyinə həsr olunmuş “Rəqəmsal Transformasiya: Problemlər və Həllər” (DTPS-2024) adlı elmi-praktiki konfrans keçirilib.

Konfransda Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri akademik Telman Əliyev və kafedranın professoru Nailə Musayeva təmsil edib. 

SİNAM MMC, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları İnstitutlarının birgə təşkilatçılığı ilə gerçəkləşən elmi-praktiki konfransa informasiya texnologiyaları və rəqəmsal transformasiya, intellektual sistemlər və əlaqəli digər elm sahələrində fəaliyyət göstərən alim və mütəxəssislər dəvət olunub.

Konfrans əsnasında “Rəqəmsal Transformasiya: Problemlər və Həllər” mövzusunda panel müzakirə təşkil olunub. SİNAM şirkətinin prezidenti professor Elçin Əliyevin moderatorluğu ilə keçən panel müzakirədə akademik Telman Əliyev və digərləri çıxış edərək  ölkəmizdə rəqəmsal transformasiya ilə bağlı problemlər və onların həlli yollarına dair fikirlər səsləndirib. 

Sonra konfrans öz işinə “IoT texnologiyasına əsaslanan sənaye və kənd təsərrüfatı kiber-fiziki sistemləri”, “Sənaye, biznes və kənd təsərrüfatında İntellektual İdarəetmə Sistemləri”, “Ağıllı şəhərlər (kəndlər) və infrastrukturlar (modelləşdirmə, simulyasiya və inkişaf)”, “Ətraf mühit verilənlərinin analitik təhlili və qərarların qəbul edilməsini dəstəkləyən kompüter və informasiya sistemləri” mövzularında seksiyalarla davam edib.

Konfransın əsas məqsədi müstəqil Azərbaycanda 30 il ərzində biznes sahəsi kimi formalaşan və davamlı inkişaf edən yüksək texnologiyalar sektoruna baxış keçirilməsi, rəqəmsal transformasiya ilə bağlı problemlər və onların həll yollarının müzakirəsi, rəqəmsallaşma prosesinin biznes və elm kontekstində müxtəlif bucaqlardan nəzərdən keçirilməsi və sinergetik effekt nəticəsində tamamilə yeni təcrübənin formalaşdırılmasına imkan yaratmaqdan ibarət olub.
 

03-06-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]