İstanbul Gedik Universiteti ilə əməkdaşlıq məsələləri müzakirə olunub


İstanbul Gedik Universitetinin prorektoru professor Halil İbrahim Uğraş, Lisansüstü Təhsil İnstitutunun direktoru professor Bahəddin Sinsoysal və Texnologiya Transfer Ofisi Direktoru Feridun Özçakır Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olublar. 

Türkiyə universitetinin təmsilçiləri AzMiU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, Magistratura Mərkəzinin direktoru Rövşən Səmədov və Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova ilə görüşüblər.

Nərgiz Abdullayeva qonaqlara universitetin profili, strukturu, maddi-texniki bazası, tədris prosesi haqqında məlumat verib. AzMİU-nun beynəlxalq əlaqələri, Türkiyə universitetləri ilə səmərəli əməkdaşlığından söz açıb.

İstanbul Gedik Universitetinin prorektoru professor Halil İbrahim Uğraş da təmsil etdiyi universitetin əsas fəaliyyət istiqamətləri, AzMİU ilə maraqlı olduqları sahələr üzrə birgə fəaliyyət planları haqqında məlumat verib. 

Qonaqlar bəzi ixtisaslar üzrə ortaq proqramların hazırlanması, müəllim-tələbə mübadiləsinin aparılması, elmi-tədqiqat sahələrində əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər. 

Görüşdə, eyni zamanda TUBiTAK və Erasmus layihələrində tərəfdaşlıq məsələləri də müzakirə olunub.
 

03-06-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]