Türkiyənin Nüvə Elmləri İnstitutunun direktoru Sabriya Yushan AzMİU-da səfərdə olub
Türkiyənin Ege Universitetinin nəzdində Nüvə Elmləri İnstitutunun direktoru professor Sabriya Yushan “Orhun” mübadilə proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ezamiyyətdə olub.
27 may - 1 iyun tarixlərini əhatə edən səfərdə Sabriya Yushan universitet rəhbərliyi və Xarici əlaqələr şöbəsinin əməkdaşları ilə görüşüb, daha sonra Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsini gəzib, fakültə nəzdində olan kafedraların professor-müəllim heyəti ilə faydalı müzakirələr aparıb. Fakültənin laboratoriyalarında olan qonağa burada quraşdırılan müasir cihaz və avadanlıqlar haqqında məlumat verilib, onların iş prinsipi əyani təcrübələrlə nümayiş etdirilib.
Görüşlərdə gələcəkdə hər iki universitet üçün maraq kəsb edən elmi-tədris layihələri və onların reallaşdırılması istiqamətində görüləcək işlərdən danışılıb.
Daha sonra Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində elmi seminar keçirilib.
Seminarın ilk məruzəçisi Sabriya Yushan tanıtım xarakterli təqdimatla çıxış edib. Tanıtımda türkiyəli qonaq Ege Universitetinin tarixi, ixtisaslar, fakültələr, nəzdində olan mərkəzlər ətrafında söhbət aparıb. Özünün rəhbəri olduğu Nüvə Elmləri İnstitutunun fəaliyyətindən danışıb, laboratoriyaları, akademik heyəti, əməkdaşlıq etdiyi qurumlar barədə məlumat verib. İnstitutda magistratura və doktorantura istiqamətində təhsilin təşkil edildiyini, onlara müraciət qaydalarını diqqətə çatdırıb.
Sonra kafedra müdiri professor Nurməmməd Məmmədov çıxış edərək Ege Universitetində elmi ezamiyyətdə olduğu müddətdə keçirdiyi səmərəli görüşləri diqqətə çatdırıb.
Ardınca professorun “İnşaat sektorunda ətraf mühitə atılan zərərli tullantıların azaldılması üçün kompleks tədbirlər” mövzusunda məruzəsi dinlənilib. Kafedra müdiri inşaat sektorunda enerji səmərəliliyindən ağıllı istifadə yollarından söhbət açıb. Enerji effektivliyində dünya təcrübəsini xatırladan professor mövcud və yeni inşa olunan binalarda tətbiq olunan standartları nümunə gətirib.