Dizayn fakültəsinin tələbələri ölkədə ilk dəfə keçirilən İnteryer Mebel Forumunda iştirak edib
Ölkəmizdə ilk dəfə “Facemark” şirkətinin təşkilatçılığı, “Mutfakçı” şirkətinin platinum sponsorluğu ilə İnteryer Mebel Forumu (İMF2024) keçirilib.
Forumda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMiU) Mühit dizaynı kafedrasının dosenti Nərgiz Ağayeva, müəllimi Təranə Əbdülrəhimova və gənc dizayner tələbələrimiz iştirak edib.
“Mutfakçı” mebel brendinin təsisçisi, iqtisad elmlər namizədi İlkin Manafovun xüsusi dəvəti ilə foruma qatılan fakültə nümayəndələri maraqlı diskusiyalar, müzakirələr, interyer dizayn sahəsində yeniliklərə şahidlik ediblər.
“Gələcəkdən Baxış” konsept mesajı ilə keçirilən forum Azərbaycanda çalışan memarları, interyer dizaynerləri, mebel istehsalçılarını, ev-dekorasiya məhsullarının satışı ilə məşğul olan sahibkarları və bu sahədə çalışan xarici şirkətləri bir araya toplayıb.
İnteryer dizaynerlər və mebel istehsalçıları üçün platforma rolunu oynayan forum dünya interyer dizayn və mebel sahəsində olan qabaqcıl nümunələrin Azərbaycan bazarında tətbiqinin genişləndirilməsinə xitab edib.
Forumda “İnteryerə Yeni Baxış”, “Müasir Mebel Necə Olmalıdır?” və “Dizayn Peşəsinin Sirləri: A-dan Z-yə Hər Şey!” panelləri üzrə əsas müzakirələr aparılıb, qeyd olunan istiqamətlərdə təcrübələr bölüşülüb.
"Dizayn Peşəsinin Sirləri: A-dan Z-yə Hər Şey!" paneli AzMİU-nun Mühit dizaynı kafedrasının dosenti, Beynəlxalq Memarlıq Akademiyasının professoru Nərgiz Ağayevanın moderatorluğu ilə davam edib.